DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

11.07.2014

İyulun 11-də 2014-cü ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafının davam etdiyini, aparılan hərtərəfli islahatların daha da dərinləşdiyini, bütövlükdə, ictimai-siyasi həyatın bütün sahələrində irəliləyişə nail olunduğunu, eyni zamanda, ictimai asayişin, vətəndaşların qanuni mənafelərinin hesabat dövründə də etibarlı qorunduğunu, qarşıda duran vəzifələrin vaxtında və tam yerinə yetirildiyini vurğulamışdır.
O demişdir ki, artıq uzun illərdir Azərbaycan sabitliyin və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindən biridir. Respublikamızda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı son 10 ildə orta hesabla  231 fakt təşkil etməklə əksər ölkələr ilə müqayisədə xeyli azdır. Cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan ötən illərin müsbət təmayülləri cari ilin 6 ayında da davam etmiş, kriminogen durum nəzarətdə saxlanılmışdır.
Hesabat məruzəsi ilə çıxış edən nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov qeyd etmişdir ki, göstərilən müddətdə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 12.231 cinayət qeydə alınmışdır. Onların 92 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olmuşdur. Bu cinayətlərin 87,2 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 12,8 faizini ağır və xüsusilə ağır növlər təşkil etmişdir. 
Həyata keçirilən sistemli və məqsədyönlü profilaktik tədbirlər nəticəsində respublikanın 24 şəhər və rayonu üzrə ağır və xüsusilə ağır cinayətlərin sayında azalma müşahidə olunmuşdur. Bütövlükdə isə, bu növ cinayətlərin strukturunda şəxsiyyət əleyhinə olanlar 5,4 faiz, o cümlədən qəsdən adam öldürmələr 13,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 5,7 faiz azalmışdır. Eyni zamanda, ictimai yerlərdə baş verən cinayətlər 13 faiz, mütəşəkkil dəstələr tərəfindən törədilən cinayətlər 62 faiz, qrup halında cinayətlər 8 faiz, yetkinlik yaşına çatmayanların cinayətləri 2,5 faiz azalmışdır. Cinayətlərin açılması da yüksək olmaqla 80,1 faiz təşkil etmiş və bu mühüm sahədə əsas səylər zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının və ədalətin bərpasına yönəlmişdir. Nəticədə qeyri-aşkar şəraitdə baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması 71 faizə yüksəlmişdir. Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində “isti izlərlə” 594, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 241, o cümlədən 54 ağır və xüsusilə ağır cinayət açılmışdır.

“102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilmiş çevik cavab tədbirləri ilə 5000 hüquqazidd əməlin qarşısı alınmış, 1573 cinayət işi başlanmış, “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 5526 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 85 hadisə aşkarlanmış, axtarışda olan  69 avtomobil saxlanılmışdır.
Müxtəlif cinayətlər törətmiş 4461, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1037 nəfər məhkəmə məsuliyyətinə cəlb edilmişdir. Təqsirləndirilən şəxslərin axtarışı işinin nəticələri 2,5 faiz yaxşılaşmış, istintaqdan və məhkəmələrdən yayınan 1125 nəfər tutulmuşdur. Ümumilikdə, axtarılanların 52,3 faizinin tutulması təmin edilmişdir.
Mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 286 ağır və xüsusilə ağır cinayət törətmiş 114 cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş, qeyri-leqal dövriyyədən ümumi məbləği 98 min manat olan 2267 ədəd əskinas, habelə istifadə müddəti ötmüş 300 tona yaxın tikinti materialı çıxarılmış, həmçinin, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 71 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir.
Narkotraffikə və insan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində 1743 cinayət müəyyən edilmiş, 90 nəfərdən ibarət 27 cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş, qanunsuz dövriyyədən 373 kiloqram narkotik vasitə çıxarılmışdır. Xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 111 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilmişdir. Digər tərəfdən, insan alveri ilə bağlı 50 cinayət müəyyən edilmiş  və bu əməllərin qurbanı olmuş 39 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilmişdir.
O da qeyd olunmuşdur ki, qanunçuluğun, eləcə də hər bir şəxsin hüquq və azadlıqlarının qorunması sahəsində əhəmiyyətli vəzifələri yerinə yetirən istintaq və təhqiqat qurumlarının əməkdaşları tərəfindən hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işinin nəticələri daha da yaxşılaşaraq 71 faiz təşkil etmişdir.

Hesabat dövründə respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 35.776 vahid artması fonunda hadisələrin sayı 11 faiz, qəzalarda həlak olanların sayı 8 faiz, xəsarət alanların sayı 15 faiz, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması səbəbindən baş vermiş hadisələr 2,3 dəfə azalmışdır. 
Bütövlükdə, daxili işlər orqanları tərəfindən müxtəlif inzibati xətalara görə 619.148 protokol tərtib olunmuş, nəticədə 573.696 nəfər cərimələnmiş, 1786 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunmuş, 22.187 şəxsə də xəbərdarlıq edilmişdir. 
Məruzədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunların da ictimai asayişin keşiyində ayıq-sayıq dayandığı, qarşıya qoyulmuş məsul tapşırıqları yüksək səviyyədə yerinə yetirdiyi nəzərə çatdırılmışdır. 
Nazir müavini vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə başçısının qarşıya qoyduğu proqram vəzifələrin icrasının ciddi nəzarətdə saxlanıldığını və 3 mindən çox, o cümlədən qabaqcadan təsdiqlənmiş cədvəl əsasında respublikanın ayrı-ayrı bölgələrində 140 vətəndaşın qəbul edildiyini, qaldırılan məsələlərin əksəriyyətinin yerində həll olunduğunu, əlavə yoxlama tələb edən ərizələrin nəzarətə götürülərək araşdırıldığını, nəticələri barədə təşəbbüskarların yazılı məlumatlandırıldığını, hüquqlarının izah edildiyini vurğulamışdır. Həmçinin, ötən 6 ayda Nazirliyə daxil olmuş müraciətlərin sayının 3,8 faiz, polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə şikayətlərin 11,7 faiz, Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olmuş şikayətlərin 9 faiz azaldığını qeyd etmişdir. 
Polis general-leytenantı Vilayət Eyvazov Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı sayəsində şəxsi heyətin yüksək tələblərə cavab verən şəraitdə xidmətinin təşkili, peşə hazırlığının artırılması, orqan və hissələrin yeni informasiya texnologiyaları ilə təcihzatı ilə bağlı görülən işlər barədə də ətraflı məlumat vermişdir. 

Məruzə ətrafı çıxışlarda Nazirliyin ayrı-ayrı struktur qurumlarının və şəhər, rayon polis orqanlarının rəisləri görülmüş işlər, mövcud nöqsanların aradan qaldırılması üzrə tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat vermişlər. 
İclasa yekun vuran general-polkovnik Ramil Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin ümumən qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin uğurla davam etdirildiyini, xalqa xidmət funksiyalarının və vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində fəaliyyətin daha səmərəli təşkilinin vacibliyini bildirmişdir.
İstənilən cəmiyyətdə hər hansı tərəqqinin əsasında dayanan başlıca şərtlərdən birinin məhz daxili sabitlik və təhlükəsizlik olduğuna dair möhtərəm dövlət başçısının fikirlərini  Kollegiya iştirakçılarının diqqətinə çatdıran cənab Ramil Usubov şəxsi heyətin fədakar əməyinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti dəfə yüksək qiymətləndirildiyini, peşə bayramları ərəfəsində polis orqanları və Daxili Qoşunların ümumilikdə 67 əməkdaşının dövlət mükafatları ilə təltif edildiyini, 4 rəhbər vəzifəli şəxsə ali hərbi və xüsusi rütbələr verildiyini, habelə daxili əmrlərlə xidmətdə fərqlənən 11 mindən artıq əməkdaş barəsində müxtəlif həvəsləndirmə tədbirlərinin tətbiq olunduğunu qeyd etmişdir. Möhtərəm Prezidentin ali diqqətinin və tələbkarlığının şəxsi heyətin üzərinə daha böyük məsuliyyət qoyduğunu nəzərə çatdıran nazir bu yüksək qayğıya cavab olaraq ictimai asayişin, insan hüquq və azadlıqlarının, vətəndaşların qanuni mənafelərinin daha etibarlı qorunmasının vacibliyini vurğulamış, xidməti fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqların qısa müddətdə və tam aradan qaldırılmasını tələb etmiş, bu istiqamətdə bir sıra tapşırıqlar vermişdir.

Korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparılmasını Azərbaycan Prezidentinin prinsipial mövqeyi kimi dəyərləndirən nazir bu cür neqativ hallarla mübarizənin davamlı olmasının, tolerantlıq baxımından hər zaman nümunə olan respublikamızda dini radikalizm təzahürlərinin qarşısının alınmasında digər dövlət orqanlarının, ictimaiyyətin nümayəndələri ilə birgə yerlərdə ideoloji və maarifləndirici işin aparılmasının, cinayətlərin profilaktikasında və açılmasında veteran polis əməkdaşlarının imkanlarından geniş istifadə edilməsinin vacibliyini xüsusi qeyd etmişdir. 
Daxili işlər naziri əmin olduğunu bildirmişdir ki, şəxsi heyət cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu mühüm vəzifələri, hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcəkdir.