DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən

05.07.2014

Çimərlik mövsümünün başlanması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti ilə birlikdə Bakı və Abşeron yarımadasında yerləşən çimərliklərdə reydlərə başlayıb.
Araşdırmalar əsasən vətəndaşların sağlamlığı üçün ciddi təhlükə törədən, əhali arasında yoluxucu xəstəliklərin yayılması, ətraf mühitə qanunsuz istehsalat və məişət tullantılarının atılması hallarının aşkar edilməsi və qarşısının alınması istiqamətində aparılıb. Reydlər zamanı çimərliklərdə istirahət edən şəxslərin təhlükəsizliyinin təmin edilməsi, onların həyat və sağlamlıqlarının qorunması üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.    
Xəzər rayonu ərazisindəki çimərliklərdə aparılan yoxlamalar nəticəsində müəyyən olunub ki, sənaye və məişət tullantılarının daşınması qaydaları pozulub, tullantılar yandırılarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməyib. Aşkar edilən faktlarla bağlı 15 protokol tərtib edilib. Reydlər zamanı həmçinin paytaxtın Binəqədi, Qaradağ, Səbail, Xətai və Suraxanı rayonlarının, eyni zamanda, Sumqayıt şəhərinin ərazilərindəki bəzi çimərliklərdə çirkab suların axıdılması, məişət tullantılarının əraziyə atılması və antisanitariya şəraitinin yaradılması kimi neqativ hallar müəyyən edilib. Ümumilikdə yoxlamalar zamanı İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə 38 inzibati protokol və 4 akt tərtib olunub, obyekt sahibləri, həmçinin aidiyyəti şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq ölçü götürülüb.
Vətəndaşların sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması və çimərlik ərazilərində antisanitariya şəraitinin aradan qaldırılması istiqamətində birgə tədbirlər davam etdirilir.