Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

29.01.2010
Yanvarın 29-da Daxili İşlər Nazirliyində respublika daxili işlər orqanlarının ötən il cinayətkarlığa qarşı mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilmişdir.

Kollegiya iclasını Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov açmış və ilin yekunları ilə bağlı məruzə etmişdir. O demişdir ki, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən Heydər  Əliyev siyasi kursu və hərtərəfli islahatlar ölkəmizdə sabit və dayanıqlı hüquqi-siyasi sistemin, güclü iqtisadi potensialın yaranmasını, xalqımızın rifah halının yüksəlməsini, elm və mədəniyyətin tərəqqisini şərtləndirmiş, eyni zamanda insan hüquq və azadlıqlarının etibarlı təmin olunmasına lazımi şərait yaratmışdır. Bu proseslərdə yaxından iştirak edən daxili işlər orqanları tərəfindən ictimai asayişin və daxili təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlər ölkədəki əlverişli investisiya mühitinin qorunmasında, iqtisadiyyatın inkişafında, strateji əhəmiyyətli beynəlxalq layihələrin uğurla həyata keçirilməsində mühüm rol oynamışdır. Artıq uzun illərdir ki, Azərbaycan həm MDB məkanı üzrə, həm də Avropa ölkələri ilə müqayisədə insanların təhlükəsizliyinin yüksək səviyyədə qorunduğu ən sabit  ölkələrdəndir. Respublikanın digər hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə sıx qarşılıqlı əlaqədə həyata keçirilən profilaktiki, əməliyyat və istintaq tədbirləri nəticəsində əvvəlki illərin müsbət nəticələri ötən il də qorunub saxlanılmış və bir çox istiqamətlər üzrə daha da inkişaf etdirilmişdir. Hesabat dövründə bütün subyektlər üzrə 22.830 cinayət qeydə alınmışdır ki, onların 96 faizi, yəni 21.909-u daxili işlər və prokurorluq orqanlarının qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllərdir. Təsnifat baxımından bu  cinayətlərin 88,3 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11,7 faizini ağır və xüsusilə ağır növlər təşkil etmişdir. Cinayətlərin strukturunda qəsdən adam öldürmələr 2,4, soyğunçuluqlar 4,1, quldurluqlar 8,9, hədə-qorxu ilə tələb etmələr 48, avtonəqliyyat vasitələrinin oğurlanması 13,6, avtonəqliyyatın qaçırılması 9,2 faiz azalmışdır. Adamları girov götürmə və banditizm cinayətləri isə, ümumiyyətlə, baş verməmişdir. Bütövlükdə 21 şəhər və rayonda, habelə Naxçıvan Muxtar Respublikasında cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır növlərinin sayı azalmışdır.

Məruzəçi bildirmişdir ki, hesabat dövründə bütün subyektlər üzrə cinayətlərin açılması 87,7  faiz təşkil etmiş, 2008-ci illə müqayisədə isə daha 1.718 fakt çox cinayətin açılması təmin olunmuşdur. Ağır və xüsusilə ağır cinayətlərin açılma göstəriciləri 4,5,  o cümlədən qəsdən adam öldürmələr 2,1, qəsdən sağlamlığa ağır zərər vurmalar 5,6, quldurluqlar 12,5, hədə-qorxu ilə tələb etmələr 6,8 faiz yaxşılaşmışdır. Xidməti fəaliyyətin önəmli məqamlarından biri də prokurorluq orqanları ilə birgə son iyirmi ildə bağlı qalmış 376, o cümlədən 113 ağır və xüsusilə ağır cinayətin, onların içində 10 qəsdən adam öldürmənin, 34 quldurluq və soyğunçuluğun, 123 oğurluğun və digər cinayətlərin açılmasıdır. Ötən il 200 cinayət, o cümlədən 20 qəsdən adam öldürmə və 2 qəsdən adamöldürməyə cəhd, 26 qəsdən sağlamlığa ağır zərər vurma, 8 quldurluq, 8 soyğunçuluq, 9 oğurluq, 113 nəqliyyat vasitəsinin qaçırılması faktları “isti izlərlə” açılaraq onları törədənlər qısa müddətdə yaxalanmışlar.

General-polkovnik Ramil Usubov xüsusilə vurğulamışdır ki, fəaliyyətdə yeni informasiya texnologiyalarının tətbiqi üzrə möhtərəm Prezidentimizin böyük diqqət və qayğısı sayəsində yaradılmış “102” Zəng Mərkəzi və “Təhlükəsiz şəhər” xidməti cinayətkarlığa qarşı mübarizədə, hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsində öz müsbət rolunu oynamışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2009-cu ildə “102” xidmətinə daxil olmuş məlumatlar əsasında bütövlükdə 125 cinayət, o cümlədən hərəsi 10 fakt olmaqla qəsdən adam öldürmə və qəsdən sağlamlığa ağır zərər vurma, 4 quldurluq, 8 soyğunçuluq, 63 xuliqanlıq, 23 oğurluq, 7 nəqliyyat vasitəsinin qaçırılması faktları açılmış, habelə məişət zəminində baş vermiş 1.623 hüquqpozmanın qarşısı alınmışdır. “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanlarından istifadə edilməklə  həmçinin yol hərəkəti qaydaları əleyhinə olan 6.000-ə yaxın inzibati xəta müəyyən edilmişdir.

Bildirilmişdir ki, törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi davam etdirilərək müxtəlif cinayətlərə görə 15.217 nəfər məhkəmə məsuliyyətinə cəlb edilmiş, habelə yerli və dövlətlərarası axtarışda olan 2.441, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 134 təqsirləndirilən şəxs tutulmuş, İnterpolun Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 67 nəfərin və İnterpola üzv ölkələr tərəfindən axtarılan 23 şəxsin yeri müəyyən edilmişdir. Ağır və xüsusilə ağır cinayətlərə, o cümlədən qəsdən adam öldürmə, adam oğurluğu, quldurluq, zorlama faktlarına görə axtarılanların tutulmasında nəzərəçarpacaq nəticələr müşahidə olunmuş, axtarış işinin göstəricisi bütövlükdə 66,5 faiz təşkil etmişdir.

Mütəşəkkil cinayətkarlığa, onun transmilli növlərinə qarşı aparılan mübarizə işi də sistemli xarakter daşımışdır. Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ağır və xüsusilə ağır cinayətlər törətmiş 955 nəfəri birləşdirən 436 qrup, habelə 141 nəfərdən ibarət 24 mütəşəkkil dəstə zərərsizləşdirilmişdir. Qanunsuz saxlanılan 1.115 odlu silah və 166 mindən çox patron götürülmüş, odlu silahın tətbiqi ilə törədilən cinayətlərin sayı 72 fakt olmaqla 2008-ci illə müqayisədə sabit qalmışdır. İqtisadi fəaliyyət sahəsinə aid cinayətkar qəsdlərə qarşı davamlı şəkildə aparılan mübarizə nəticəsində saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma cinayətləri ilə əlaqədar aşkarlanmış 16 fakt üzrə qeyri-leqal dövriyyədən ümumi məbləği 194 min manat təşkil edən 2.107 ədəd saxta əskinas çıxarılmışdır.

Cənab Ramil Usubov hesabat dövründə narkotraffikə və insan alverinə qarşı mübarizə, həmçinin qeyri-leqal miqrasiyanın qarşısının alınması istiqamətində də görülən işlərin səmərə verdiyini diqqətə çatdırmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən 2008-ci illə müqayisədə 372 kiloqram çox, yəni 1 ton 23 kiloqram narkotik vasitə götürülmüş, 267 nəfərdən ibarət 99 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. 2008-ci illə müqayisədə narkotiklərin satışı ilə bağlı cinayətlərin aşkarlanması 12,6 faiz yaxşılaşmış, habelə  400 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınmışdır. Daxili işlər orqanlarının keçirdiyi “Xaş-xaş-2009” şərti adlı kompleks əməliyyat-profilaktik tədbirləri ilə ümumi çəkisi 453 tondan artıq narkotik tərkibli bitki aşkarlanaraq yaşıl kütlə halında məhv edilmişdir. İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı əsasında davam etdirilən tədbirlər də müsbət nəticələnmişdir. Ötən il 80 insan alveri cinayəti aşkarlanaraq 76 nəfər məsuliyyətə cəlb olunmuş, 55 nəfərdən ibarət 25 cinayətkar qrup zərərsizləşdirilmiş, bu cinayətlərin qurbanı olmuş 91 şəxs müəyyən edilmişdir. Həmçinin ictimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı qeydə alınmış 245 fakt üzrə məsuliyyətə 205 nəfər cəlb olunmuşdur.

O da qeyd edilmişdir ki, fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, bu sahədə problem və çatışmazlıqların aradan qaldırılması, dövlət yol polisi qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi işi də diqqət mərkəzində saxlanılmış, 2008-ci illə müqayisədə, ötən il respublikada avtomobillərin sayının 75 mindən çox artması fonunda qeydə alınmış yol-nəqliyyat hadisələrinin sayı 6, qəzalarda ölənlərin sayı 11,6, yaralananların sayı 5,8 faiz azalmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunlar da ictimai asayişin və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanmış, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəməmiş, əldə olunmuş uğurları və öz döyüş hazırlığını daim artırmışdır. Hərbi qulluqçular cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərdə və xüsusi əməliyyatlarda fəal iştirak etmiş, qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirmişlər.

Hesabat ilində «Azərbaycan Respublikasında sosial iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» dövlət başçısının fərmanından irəli gələn tələblərin icrası ilə əlaqədar vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işi də diqqət mərkəzində saxlanılmışdır. Nazirliyin rəhbərliyi, Baş İdarə və İdarə rəisləri tərəfindən 3600-ə yaxın vətəndaş qəbul edilmiş, onların qaldırdıqları məsələlərin əksəriyyəti yerində həll olunmuşdur. Əlavə yoxlama tələb edən ərizələr nəzarətə götürülməklə araşdırılmış, nəticələri barədə təşəbbüskarlara yazılı cavablar verilmişdir. Eyni zamanda, elektron poçt ünvanına daxil olan 1.802 müraciət qeydə alınaraq öyrənilmiş və mümkün qısa müddətdə rəsmi cavablandırılmışdır.

Ümumən, xidməti fəaliyyətə şəffaflıq, açıqlıq və sosial yönümlülük verilməsi, həmçinin vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi sahəsində görülən işlər xidməti fəaliyyətdə qanunçuluğun qorunmasına öz müsbət təsirini göstərmiş,  nəticədə aşkar olunmuş qanun pozuntuları 2008-ci illə müqayisədə 7 faiz, bu əsasda məsuliyyətə cəlb edilənlərin sayı 10,7 faiz azalmışdır.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək Kollegiya iclasının cəmiyyət həyatının əhəmiyyətli bir dövrünə təsadüf etdiyini, ölkədə hüquqi islahatların uğurla həyata  keçirildiyini, dünyada gedən maliyyə böhranına baxmayaraq, Azərbaycan Prezidenti   zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün infrastruktur layihələrinin və sosial proqramların uğurla icra olunduğunu xatırlatmış, respublikamızda gedən geniş quruculuq, inkişaf proseslərində mühüm faktorlardan olan sabitliyin, təhlükəsizliyin təminində daxili işlər orqanlarının şəxsi heyətinin də böyük əməyi olduğunu vurğulamışdır.

Məruzə ətrafında çıxış edənlər hesabat dövründə görülmüş işlərdən və buraxılmış nöqsanlardan danışaraq, çatışmazlıqların cari ilin birinci rübündə aradan qaldırılması üçün təsirli tədbirlərin görüləcəyini bildirmişlər.


Kollegiya iclasına yekun vuran general-polkovnik Ramil Usubov  daxili işlər orqanlarının ötən hesabat ilindəki fəaliyyətinin ümumən qənaətbəxş olduğunu, bu gərgin və fədakar xidmətin 2009-cu ildə də müsbət nəticələr verdiyini, həmçinin xidməti fəaliyyətdə hələ də bir sıra nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd etmiş, onların aradan qaldırılması yollarını göstərmiş, tapşırıq və tövsiyələrini vermiş, iclas iştirakçılarının diqqətini asayişin qorunması və cinayətkarlıqla mübarizə sahəsində xüsusilə əhəmiyyətli hesab etdiyi mühüm məsələlərə yönəltmişdir.


Son illər məqsədyönlü şəkildə həyata keçirilən tədbirlər nəticəsində yüksək peşəkarlığa malik kadr özəyi yaradıldığını, onun möhkəmlənməsi və genişlənməsi üçün davamlı olaraq əməli iş aparıldığını deyən nazir cari ildə qarşıda duran başlıca vəzifələrdən birinin şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsi olduğunu, cinayətlərin açılmasında, təqsirləndirilən şəxslərin tutulmasında, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin təşkili və digər sahələr üzrə əməliyyat-axtarış fəaliyyətində elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin geniş tətbiqinin zəruriliyini vurğulamışdır. General-polkovnik R.Usubov diqqətə çatdırmışdır ki, müasir dövrün çağırış və təhdidləri baxımından qarşıda çox mühüm vəzifələr durur. Bu, ilk növbədə, informasiya-analitik işin, habelə transmilli mütəşəkkil cinayətkarlığa qarşı əməliyyat-axtarış fəaliyyətinin hərtərəfli yaxşılaşdırılılması, eyni zamanda vətəndaşların ərizə və şikayətlərinə həssaslıqla yanaşılması, qanunçuluğu daha da möhkəmləndirilməklə insan hüquq və azadlıqlarına ciddi riayət olunmasıdır. Cinayətkarlığa qarşı mübarizədə, ölkənin ilbəil artan iqtisadi potensialının başlıca şərti olan sabitliyin və əmin-amanlığın təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində möhtərəm Prezidentimizin müəyyən etdiyi prioritetlər gələcək fəaliyyətimizin əsasını təşkil etməlidir.
 
Nazir, general-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin etmişdir ki, xalqına, dövlətinə, andına həmişə sadiq olan daxili işlər orqanlarının şəxsi heyəti cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində zati-alilərinin qarşıya qoyduğu mühüm və şərəfli vəzifələri, tapşırıqları 2010-cu ildə də əzm və fədakarlıqla yerinə yetirəcəklər.

geriyə