DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili Işlər Nazirliyi Mətbuat Xidmətinin Məlumati

25.03.2005



 
Martın 25-də Daxili İşlər Nazirliyində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələri ilə təmin edilməsi işinin vəziyyəti, həmçinin Cinayət Axtarışı Baş İdarəsində aparılmış daxili təhqiqatın nəticələrinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
 Kollegiyanı giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirmişdir ki, daxili işlər orqanlarının şəxsi heyəti ümumən son on ildə Azərbaycan dövlətinin, dövlətçiliyinin qorunmasında, cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə çox uğurlu işlər görmüşdür. Bu işlər ümummilli liderimiz Heydər Əliyev və onun müəyyən etdiyi dövlət siyasətini bu gün müvəffəqiyyətlə həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Təsadüfi deyil ki, Daxili İşlər Nazirliyi əməkdaşının mütəşəkkil cinayətkar dəstəyə başçılıq etməsi kimi hamımıza xəcalət gətirən fakta baxmayaraq, dövlətimizin başçısı bir daha daxili işlər orqanlarına, onun rəhbərliyinə böyük etimad göstərdiyini vurğulamışdır. Prezidentimiz Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasının 13-cü ildönümünə həsr olunmuş mərasimdə bildirmişdir ki, bu hal, ağır hadisə daxili işlər orqanlarının şəxsi heyətinin son on ildə gördüyü işlərə, fəaliyyətə kölgə salmamalıdır. Bu fikir, eyni zamanda, daxili işlər orqanlarının şəxsi heyətinə olan etimaddan irəli gəlir. Nazir qeyd etmişdir ki, daxili işlər orqanlarının rəhbər əməkdaşları bundan ciddi nəticələr çıxarmalı, şəxsi heyət Cinayət Axtarışı Baş İdarəsində aparılmış təhqiqatın nəticələri barədə geniş və müfəssəl məlumatlandırılmalıdır.
 Narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti haqqında DİN Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Ramiz Nağıyev məruzə etmişdir. O qeyd etmişdir ki, narkotiklərlə mübarizə işi nazirliyin rəhbərliyinin daim diqqət mərkəzində olmuş, ölkə Prezidentinin müvafiq fərmanlarından irəli gələn vəzifələr kollegiya iclaslarında və əməliyyat müşavirələrində mütəmadi müzakirə olunmuş, qarşıya çıxan problemlər həll edilmişdir.
 Məlumat verilmişdir ki, ötən il ərzində daxili işlər orqanları tərəfindən narkotiklərlə bağlı 2053 cinayət faktı aşkarlanaraq, cinayətkarlardan 218 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülmüşdür ki, bu da 2003-cü illə müqayisədə 57 kiloqram çoxdur. Cari ilin yanvar-fevral ayları ərzində isə aşkar edilmiş 429 fakt üzrə qanunsuz dövriyyədən 36 kiloqramdan artıq narkotik vasitə çıxarılmışdır.
 DİN Pasport-Qeydiyyat İdarəsinin rəisi, polis polkovniki Fəxrəddin Əliyev ölkə vətəndaşlarının şəxsiyyət vəsiqələri ilə təmin edilməsinin vəziyyəti barədə məruzə etmişdir. O demişdir ki, 2002-ci ilin əvvəlindən bu günədək 2 milyon 608 mindən çox vətəndaşa şəxsiyyət vəsiqəsi verilmiş, 14 milyard 344 milyon manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin ölkədə pasport islahatları başlayandan indiyədək 1 milyon 123 min 383 vətəndaş ümumvətəndaş pasportları ilə təmin olunmuş, dövlət büdcəsinə 123 milyard 572 milyon manat rüsum keçirilmişdir. 
Cinayət Axtarışı Baş İdarəsinin sabiq əməkdaşı Hacı Məmmədovun törətdiyi ağır cinayətlərlə əlaqədar aparılmış daxili təhqiqatın nəticələri barədə Baş Təşkilati-İnspektor İdarəsinin rəisi, polis general-mayoru Fazil Quliyev çıxış etmişdir. O demişdir ki, Hacı Məmmədovun Qusar rayonunda yerləşən “Qara bulaq”  istirahət mərkəzinin sahiblərindən biri kimi daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olması çalışdığı baş idarənin şəxsi heyətinə məlum olmuşdur. Lakin mövcud vəziyyət Cinayət Axtarışı Baş İdarəsinin rəhbərliyini narahat etməmiş, Hacı Məmmədovun mütəmadi işə çıxmamasına, müvafiq icazə olmadan dəfələrlə ölkə hüdudlarını tərk etməsinə şərait yaradılmışdır. Araşdırmalar zamanı Baş İdarənin fəaliyyətində bir sıra ciddi nöqsanların mövcudluğu Hacı Məmmədovun fəaliyyətinə prinsipial qiymət verilməməsi, onun başçılıq etdiyi cinayətkar dəstənin üzvləri barədə əməliyyat marağı kəsb edən heç bir məlumatın əldə olunmadığı vurğulanmışdır.
 Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki M.Mehmanov, Bakı BPİ-nin rəis müavini, polis general-mayoru Y.Əliyev, BCAİ-nin rəis müavini, polis polkovniki R.Cahangirov, Nəsimi RPİ-nin rəisi, polis polkovniki S.Mirzəyev, Səbail RPİ-nin rəisi, polis polkovniki X.Zeynalov, Göyçay RPŞ-nin rəisi, polis polkovniki İ.Hüseynəliyev, Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki R.Abbasov və başqaları görülmüş işlər, buraxılmış nöqsanlar barədə danışmış, Hacı Məmmədovun polisdə xidmətlə bir araya sığmayan, bütövlükdə daxili işlər orqanlarının imicinə, gördüyü müsbət işlərə ləkə, kölgə salan cinayətkar fəaliyyətinin bütün şəxsi heyət tərəfindən dərin hiddətlə, təəssüflə qarşılandığını, qətiyyətlə pislənildiyini nəzərə çarpdırmışlar.
 Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin daxili işlər orqanlarının fəaliyyətində mühüm istiqamətlər, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə məsələlərinin daimi olaraq ölkə və DİN rəhbərliyinin, nazirliyin kollegiyasının nəzarətində olduğunu, görülən müsbət işlərlə yanaşı, ərazi polis orqanlarının fəaliyyətində narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması, bu cinayətlərlə məşğul olanların müəyyənləşdirilərək ifşa olunmasında müəyyən nöqsanların olduğunu xatırlatmışdır. DİN rəhbəri narkotik vasitələrin xüsusən gənc nəsil arasında yayılmasını Azərbaycan xalqının genefonduna böyük zərbə kimi qiymətləndirərək demişdir ki, bu problem hər bir Azərbaycan vətəndaşını, xüsusən polis orqanlarının rəhbərlərini ciddi narahat etməli, şəxsi heyət narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha qətiyyətli mübarizə aparmalıdır.
 General-polkovnik Ramil Usubov şəxsiyyət vəsiqələri verilməsinin həm də dövlət əhəmiyyətli məsələ olduğunu xatırladaraq, hər bir azərbaycanlının müvafiq sənədlə təmin edilməsinin, parlament seçkiləri ilində texniki imkanlardan maksimum şəkildə yararlanmaqla prosesin sürətləndirilməsinin vacibliyini diqqətə çatdırmışdır.
Daha sonra R.Usubov gündəlikdəki sonuncu, hər bir azərbaycanlının narahatlığına səbəb olmuş məsələyə bir daha münasibət bildirərək qeyd etmişdir ki, bu, daxili işlər orqanlarının şəxsi heyəti üçün çox ağır, ürəkağrısı, təəssüf hissi ilə xatırlanası bir faktdır. Lakin Azərbaycan dövləti və dövlətçiliyi qarşısında öz məsuliyyətini daim dərk edən Azərbaycan polisi bu ağır hadisədən sarsılmamalıdır.
 Genaral-polkovnik R.Usubov vurğulamışdır ki, ölkəmizin Prezidentinin həmişə olduğu kimi, martın 12-də bu məsələ ilə bağlı çox müdrik mövqeyi, hadisələrə düzgün siyasi istiqamət verməsi daxili işlər orqanlarının bütün şəxsi heyətini hədsiz dərəcədə sevindirmişdir.
 General-polkovnik R.Usubov demişdir ki, bu olay həm Cinayət Axtarışı Baş İdarəsinin, həm də bütövlükdə daxili işlər orqanlarının adına bir ləkədir. O, ölkəmizin Prezidenti İlham Əliyevə minnətdarlığını bildirərək, bu uğurlu əməliyyatın şəxsən dövlət başçısının tapşırığı ilə və ciddi nəzarəti altında həyata keçirildiyini kollegiya iştirakçılarının nəzərinə çatdırmışdır. Nazir, xüsusən əməliyyatı keçirən Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun rəhbərliyinə, əməkdaşlarına da dərin minnətdarlıq ifadə edərək, onların Azərbaycan dövlətinə, dövlətçiliyinə böyük sədaqət, bu ağır cinayətlərin açılmasında yüksək peşəkarlıq nümayiş etdirdiklərini, eyni zamanda bəzi bədxah adamların, radikal müxalifətin polis, DİN rəhbərliyi ətrafında yaratdıqları yanlış, əsassız fikirlərə birdəfəlik son qoyulduğunu vurğulamışdır. General-polkovnik Ramil Usubov məlum hadisələrlə bağlı aparılan istintaqın ölkəmizin Prezidentinin şəxsi nəzarətində olduğunu, həmin cinayətlərdə iştirakı olan hər bir şəxsin tutduğu vəzifədən asılı olmayaraq məsuliyyətə cəlb ediləcəyinə inandığını bildirmişdir. Nazir dövlətimizin başçısını əmin etmişdir ki, çox sağlam təməl üzərində qurulmuş, böyük peşəkarlığa malik Azərbaycan polisi daxili işlər orqanlarının bütün şəxsi heyəti bu çətinlikdən, sınaqdan da həmişəki kimi alnıaçıq, üzüağ çıxacaq, öz xalqına, dövlətinə, Prezidentinə həmişə olduğu kimi sədaqətlə xidmət edəcək, ölkəmizin rəhbərinin qarşımıza qoyduğu məsul vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.
 Kollegiyanın sonunda daxili işlər orqanlarının şəxsi heyəti adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.