Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Azərbaycan Respublikası Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin birgə məlumatı

26.03.2005

Milli Təhlükəsizlik və Daxili İşlər Nazirlikləri tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İran-Azərbaycan marşrutu üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, qrup şəklində fəaliyyət göstərən şəxslər ifşa edilmişlər.
 Cari il martın 1-də əməliyyat-axtarış tədbirləri ilə Beyləqan rayon sakinləri, 1956-cı il təvəllüdlü Hüseynov Sahib Orucəli oğlu və 1962-ci il təvəllüdlü Mehdiyev Seyran Mehdi oğlu saxlanılmış, baxış zamanı onların üzərindən yarım kilaqrama yaxın heroin götürülmüşdür. Eyni zamanda, həmin narkotik vasitənin sfarişçisi Beyləaq rayon sakini, 1953-cü il təvəllüdlü Şirinov Xeyir Barat oğlu da yaxalanmışdır.
 Martın 22-də həmin marşrut üzrə fəaliyyət göstərən digər cinayətkar qrupun üzvləri - Beyləqan rayon sakinləri, 1960-cı il təvəllüdlü Fətiyev Elçin Tağı oğlu və 1978-ci il təvəllüdlü Balakişiyev Seymur Telman oğlu yaxalanmış, sonuncunun evinə baxış zamanı İran İslam Respublikasından qaçaq yolla gətirilmiş 1 kiloqrama yaxın heroin, yarım kiloqramdan artıq tiryək və 4 kiloqram 378 qram marixuana aşkarlanaraq götürülmüşdür. Martın 23-də bu qrupun digər üzvləri - 1962-ci il təvəllüdlü Nəsirov Səfər Ağagül oğlu və 1968-ci il təvəllüdlü Məmmədov Elçin Nurəli oğlu da tutulmuşlar.
 Həmin gün Milli Təhlükəsizlik və Daxili İşlər Nazirlikləri tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət aləmində «Seyid» ləqəbi ilə tanınan Saatlı rayon sakini, 1963-cü il təvəllüdlü Həsənov Umud Şükür oğlu və «Akula» ləqəbi ilə tanınan Saatlı rayon Polis Şöbəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə qrupunun əməliyyat müvəkkili, polis mayoru, 1955-ci il təvəllüdlü Məmmədov Akif Kazım oğlu İmişli rayonu ərazisində yaxalanmışlar. Onlardan İrandan qaçaq yolla gətirilmiş 74 kiloqram 660 qram marixuana aşkarlanaraq götürülmüşdür. Umud Həsənov və Akif Məmmədov hadisə yerindən qaçmağa cəhd edərkən sonuncu, xəbərdarlıqdan sonra açılan atəş nəticəsində ayaq nayihəsindən yüngül xəsarət almışdır. Operativ surətdə həyata keçirilmiş tədbirlər nəticəsində martın 23-də dəstənin daha üç üzvü Ağcabədi rayonu ərazisində tutulmuşdur.
 Daxil olan məlumatlara görə Akif məmmədov və Umud Həsənovun rəhbərlik etdiyi cinayətkar qrup uzun müddət cəzasız fəaliyyət göstərmiş, mütəmadi olaraq ölkəyə narkotik vasitələrin qanunsuz gətirilməsini və realizəsini təşkil etmişdir.
 Hər üç fakt üzrə cinayət işi başlanılmış, işin bütün hallarının araşdırılması, cinayətin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.