DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu mətbuat xidmətlərinin məlumatı

19.03.2005



Respublikanın daxili işlər və prokurorluq orqanları tərəfindən, son vaxtlar baş vermiş bir sıra ağır cinayətlərin açılması, təqsirkar şəxslərin həbs olunaraq məsuliyyətə cəlb edilməsi, habelə axtarışda olanların tutularaq istintaq orqanlarına təhvil verilməsi istiqamətində bir sıra uğurlu əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilmişdir.

2005-ci il fevralın 21-də, Hövsan qəsəbəsi ərazisində, naməlum şəxslər tərəfindən bıçaqla yetirilmiş çoxsaylı xəsarətlər nəticəsində vətəndaş Allahverən Məmmədəliyev öldürülmüşdür.

Bu ağır cinayət hadisəsi ilə bağlı, təxirəsalınmadan, Suraxanı rayon polis idarəsi və prokurorluğunun təcrübəli əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılmışdır. Peşəkarlıqla həyata keçirilmiş tədbirlərlə, martın 7-də cinayəti törətmiş Gürcüstan vətəndaşları Vüsal Ömərov və Qabil Həsənov müəyyən edilərək yaxalanmışlar.

Araşdırmalar göstərmişdir ki, həmin şəxslər, Allahverən Məmmədəliyevi, onunla Rusiya Federasiyasında ticarət əlaqələri olan Afər Məmmədov və Abbas Əhmədovun sifarişi ilə öldürmüşlər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Həmin rayonun ərazisində xüsusi amansızlıqla törədilmiş daha bir qətlin açılması da təmin edilmişdir.

Cari il fevralın 15-də, Yeni Günəşli qəsəbəsində, yaşadığı mənzildə kəsici-deşici alətlərlə çoxsaylı xəsarətlər nəticəsində öldürülmüş 275 nömrəli məktəbin XI sinif şagirdi Vüsal Zeynalovun meyiti tapılmışdır. Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının professionallıqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayəti törətmiş yetkinlik yaşına çatmayanlar - Ruslan Bessonov, Dmitri Pavlov və Maksim Genoşilkin tutulmuşlar.

İstintaq araşdırmaları ilə, həmin şəxslərin, Vüsal Zeynalovu aralarında yaranmış mübahisə zəminində qəsdən öldürmələri müəyyən edilmişdir.

Əvvəllər cinayət törədərək istintaqdan qaçıb gizlənənlərin tutularaq məhkəmə məsuliyyətinə verilməsi istiqamətində də respublikanın daxili işlər və prokurorluq orqanları tərəfindən məqsədyönlü tədbirlər davam etdirilir.

1995-ci ilin mart dövlət çevrilişi cəhdinin təşkilatçılarından olan Elçin Əmiraslanovun başçılıq etdiyi cinayətkar dəstənin üzvü, Qazax və Ağstafa rayon polis şöbələrinə silahlı quldur basqınının fəal iştirakçılarından biri, Cinayət Məcəlləsinin 57-ci, 57-1-ci, 70-2-ci maddəsinin 3-cü hissəsi və 220-1-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək axtarışa elan edilmiş Qazax rayon sakini Nəriman İsmayılov Qazax rayon polis şöbəsi və Rusiya Federasiyası Vladimir vilayətinin daxili işlər idarəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanaraq Azərbaycana gətirilmişdir.

Bundan başqa, ölkənin iqtisadi əsaslarına ciddi zərbə vuran hüquqazidd əməllərin qarşısının alınması üzrə də məqsədyönlü tədbirlər görülür.

Martın 17-də, Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının yüksək peşəkarlıqla hazırlayıb həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhərində, Nigeriya Federativ Respublikasının vətəndaşı Oqbuji Samson Onyema saxlanılmışdır. Ondan, qaçaqmalçılıq yolu ilə respublikaya gətirdiyi və ilk baxışdan əskinas olduğu bilinməyən, yalnız xüsusi kimyəvi prosedurdan sonra həqiqi pul şəklini alan karbonlaşdırılmış 900.000 (doqquz yüz min) ABŞ dolları, həmçinin bu prosesdə istifadə olunan xüsusi maddələr aşkar edilərək götürülmüşdür.

Fakt üzrə cinayət işi başlanılaraq Oqbuji Samson Onyema cinayətdə şübhəli şəxs qismində tutulmuşdur. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ölkə Prezidentinin həyata keçirdiyi məqsədyönlü və səmərəli hüquq-mühafizə siyasətinə uyğun olaraq, respublikada əməliyyat şəraitinin daim nəzarətdə saxlanılması, cinayətkarlıqla mübarizə, asayişin mühafizəsi, qanunçuluğun və hüquq qaydalarının təmin olunması işi bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir.

19 mart 2005-ci il.