Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Daxili İşlər nazirliyi və respublika baş prokurorluğu mətbuat xidmətlərinin məlumatı

14.03.2005


Martın 13-ü saat 04.00 radələrində, paytaxtın Xətai rayonu ərazisində vətəndaş Pərvin Məmmədzadəyə məxsus mənzildə yanğın baş vermişdir.

Yanğın söndürüldükdən sonra ev sahibinin və həyat yoldaşı Aytən Qurbanovanın, habelə onların dörd yaşlı qızı Fidanın yanmış meyitləri tapılmışdır.

İlkin müayinə zamanı Pərvin Məmmədzadə və Aytən Qurbanovanın bədənində kəsici-deşici alətlə yetirilən çoxsaylı xəsarətlər aşkar edilmiş, uşağın isə boğulmadan öldüyü müəyyən olunmuşdur.

Bu ağır cinayətin açılması üçün hadisə yerinə dərhal  Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyi, Xətai rayon polis idarəsinin və prokurorluğunun əməkdaşları gəlmiş, «isti izlər»lə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Əməliyyat-istintaq qrupunun yüksək peşəkarlıqla həyata keçirdiyi tədbirlər nəticəsində cinayətdə şübhəli olanın  şəxsiyyəti müəyyən edilmişdir. Qatilin Bakı şəhərində, eləcə də respublikanın digər rayonlarında  gizlənmə ehtimalı nəzərə alınaraq, Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin və Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, cinayəti törətmiş Vüqar Dadaşov Qazax rayonunun Xanlıqlar kəndi ərazisində Ermənistanla dövlət sərhəddində yaxalanmışdır.

1995-ci il mart dövlət çevrilişi cəhdinin təşkilatçılarından biri Elçin Əmiraslanovun qanunsuz silahlı dəstəsinin fəal üzvlərindən olmuş Vüqar Dadaşov, 1996-cı ildə daxili işlər orqanlarının əməkdaşları tərəfindən həbs edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70--2-ci maddəsinin 3-cü hissəsinə (Qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində fəal iştirak etmə ), 70-ci maddəsinə (Banditizm), 220--1-ci maddəsinin 3-cü hissəsinə (Odlu silahın, döyüş sursatının və ya partlayıcı maddələrin quldurcasına basqın yolu ilə oğurlanması) və 220-ci maddəsinin 1-ci hissəsinə (Müvafiq icazə olmadan odlu silahın, döyüş sursatının  və partlayıcı maddələrin, gəzdirilməsi, saxlanılması, daşınması və ya əldə edilməsi)   əsasən məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

Qeyd etmək lazımdır ki,  ayrı-ayrı hüquq-müdafiəçilərinin və qeyri-hökumət təşkilatlarının müxtəlif beynəlxalq qurumlara göndərdikləri israrlı müraciətlər və onların səyləri  nəticəsində, ağır cinayətlər törətmiş bir çoxları ilə bərabər Vüqar Dadaşov da  əslində mövcud olmayan «siyasi məhbus» siyahısına salınmışdı.

Yaxalanarkən Vüqar Dadaşovdan 276 ABŞ dolları, 487 min manat pul və mərhuma məxsus geyim əşyaları götürülmüşdür.

Qatilin xüsusi amansızlıqla törətdiyi cinayət hadisəsindən sonra, onun Pərvin Məmmədzadənin mənzilindən qarət etdiyi iki ədəd mobil telefon, bir qızıl üzük, bir boyunbağı və bir neçə dəst paltar yaxın qohumu, Qazax rayon sakini Mehman Möhtərəmovun evində aşkar edilmişdir.

Faktla bağlı əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.