DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

05.01.2018

Yeni ilin ilk günlərində paytaxtın müxtəlif məkanlarında bomba qoyulması barədə DİN-in “102” Xidmətinə və ərazi polis orqanına iki məlumat daxil olmuşdur. Həmin günlərdə gücləndirilmiş iş rejimində xidmət aparan daxili işlər orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilərəkdən yalan məlumatlar verən şəxslər “isti izlər”lə müəyyən edilərək məsuliyyətə cəlb olunmuşlar. 
Belə ki, yanvarın 2-də saat 21.40 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki mehmanxanalardan birinə bomba qoyulması barədə məlumat vermişdir.
Digər hüquq-mühafizə orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, lakin məlumat təsdiqini tapmamışdır. 
Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bomba qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini, 24 yaşlı Elmar Qasımov müəyyən edilərək saxlanılımışdır. 
Yanvarın 3-də isə saat 16.28-də DİN-in «102» Xidmətinə zəng edən naməlum şəxs  paytaxtın Nizami rayonu ərazisində yerləşən anbarda bomba olması barədə xəbər vermişdir.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmış, anbara baxış keçirilmiş, bu dəfə də məlumatın yalan olduğu məlum olmuşdur. 
Görülmüş tədbirlərlə yalan xəbərin 61 yaşlı Bakı şəhər sakini Həsən İsmayılov tərəfindən verildiyi dəqiqləşdirilmişdir. H.İsmayılov Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılmışdır. 
Hər iki fakt üzrə Cinayət Məcəlləsinin 216-cı maddəsi (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işləri başlanılmış, məhkəmələr tərəfindən saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işləri üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir.  
Vətəndaşların nəzərinə çatdırırıq ki, insanlar arasında təşvişə və ajiotaja səbəb olan belə əməllər cinayət məsuliyyəti yaradır və hüquq-mühafizə orqanlarına bilərəkdən yalan məlumatlar verən şəxslər barəsində bundan sonra da qanunvericilikdə nəzərdə tutulmuş qaydada ən ciddi tədbirlər görüləcəkdir.