DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin məlumatı

17.10.2017


Prokurorluq və daxili işlər orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhərində törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılmış və onu törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb edilmişlər.

Belə ki, cari il oktyabrın 12-də üzərində zorakılıq əlamətləri olan İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunmuşdur. Bu barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq müvafiq ekspertizalar təyin edilmişdir.

Şəhər prokurorluğu və Polis İdarəsinin əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamalıyev tutularaq istintaqa cəlb olunmuşlar.

Aparılmış ilkin istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Y.Camallı, N.Babaverdiyev, C.Talıblı, P.Əlməmmədov və Z.Dünyamalıyev quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə  qabaqcadan əlbir olub oktyabrın 11-də  gecə saat 4 radələrində mərhumun yaşadığı ünvana gəlmiş, evə qanunsuz daxil olaraq Saman Mohtatini qəsdən öldürmüş, lakin evdən hər hansı bir əmlak əldə edə bilməyib hadisə yerindən qaçmışlar.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.