Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

08.08.2017
Avqustun 8-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində respublikamızda rəsmi səfərdə olan bu ölkənin daxili işlər naziri, polis general-mayoru İsgender Mulikovu qəbul edib.

Qonağı salamlayan nazir xalqlarımız arasında çoxəsrlik tarixi dostluq və qardaşlıq əlaqələrinin mövcudluğunu, hər iki prezidentin - cənab İlham Əliyevin və cənab Qurbanqulu Berdiməhəmmədovun siyasi iradəsinə uyğun olaraq əməkdaşlığın bütün sahələrdə dərinləşdiyini xüsusi qeyd edib. Bu gün Bakıda aparılan yüksək səviyyəli danışıqların, dövlət başçılarının iştirakı ilə “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin, müxtəlif sahələri əhatə edən hökumətlərarası sənədlərin, o cümlədən “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Türkmənistanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında“ Sazişin imzalanmasının, xüsusən adıçəkilən bəyannamədə əsas faktorlardan və elementlərdən biri kimi təhlükəsizlik məsələlərinin öz əksini tapmasının əhəmiyyətindən danışan R.Usubov ölkələrimiz arasındakı mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə qalxmasından, hərtərəfli inkişaf və inteqrasiya proseslərinin daxili işlər orqanlarını da əhatə etməsindən məmnunluğunu bildirib.

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən cənab İsgender Mulikov imzalanmış sazişin iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da  genişləndirilməsinə yeni təkan və impuls verəcəyinə əminliyini, Türkmənistan tərəfinin bu istiqamətdə öz səylərini  əsirgəməyəcəyini vurğulayıb. 
Görüşdə əməkdaşlığın prioritet istiqamətləri və gələcək perspektivləri, beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, habelə transmilli mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə, informasiya mübadiləsinin intensivləşdirilməsi, həmçinin yeni imzalanmış sazişin müddəalarından irəli gələn öhdəliklərin icrası və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.