Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

07.07.2017
İyulun 7-də Daxili İşlər Nazirliyində 2017-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov cari ilin birinci yarısında respublikada cinayətkarlığa qarşı mübarizədə əvvəlki dövrlərdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdiyini, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunduğunu, kriminogen durumun nəzarətdə saxlanıldığını, IV İslam Həmrəyliyi Oyunları və "Formula 1 Azərbaycan Qran PRİ" yarışları kimi möhtəşəm beynəlxalq tədbirlər zamanı ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyini diqqətə çatdıraraq şəxsi heyətin Azərbaycan Respublikasına xidmətlərinin möhtərəm Prezident tərəfindən növbəti dəfə yüksək qiymətləndirildiyini, 55 əməkdaşın dövlət təltifinə, 4 rəhbər vəzifəli şəxsin ali xüsusi rütbəyə layiq görüldüyünü xatırladaraq bu ali diqqətə görə ölkə başçısına dərin minnətdarlığını bildirib. O da qeyd edilib ki, xidmətdə fərqlənən 643 əməkdaş və 63 hərbi qulluqçu DİN rəhbərliyi tərəfindən mükafatlandırılıb. 

Sonra geniş məruzə ilə çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 13.182 cinayətin qeydə alındığını, bu cinayətlərin 94,6 faizinin daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olduğunu, onların 85,6 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlərin təşkil etdiyini bildirib.
Qeyd olunub ki, profilaktik işin gücləndirilməsinin, kriminogen durumun fasiləsiz izlənilməsinin nəticəsi olaraq, cinayətkarlığın dinamikasında mövcud olan müsbət təmayüllər ötən 6 ayda daha da yaxşılaşıb. Belə ki, cinayətlərin sayı 7,1, o cümlədən ağır və xüsusilə ağır növlər 10, qəsdən adam öldürmə və ona cəhdlər 27, mülkiyyət əleyhinə olan cinayətlər 10,3, onlardan oğurluqlar 7,3, dələduzluqlar 12, hədə-qorxu ilə tələb etmələr 13,2, soyğunçuluqlar 25, quldurluqlar 27,6, habelə yol-nəqliyyat hadisələri 6,3, qəzalarda xəsarət alanların sayı isə 14,2 faiz azalıb.  
Kriminal qəsdlərin qurbanlarının pozulmuş hüquqlarının bərpası istiqamətində peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə 2016-cı ilin 6 ayı ilə müqayisədə, hesabat dövründə cinayətlərin açılması 1,3 faiz yaxşılaşaraq 85,7 faiz təşkil edib.  O cümlədən qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılması 4,1, qəsdən adam öldürmələrin açılması 1, qəsdən sağlamlığa ağır zərər vurmaların açılması 8,4, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 2,7, o cümlədən oğurluqların açılması 4,7, quldurluqların açılması 5,4, soyğunçuluqların açılması 8 faiz yaxşılaşıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 288 cinayət açılıb.

Hüquqazidd əməllərin profilaktikasında və cinayətkarlıqla mübarizədə informasiya texnologiyalarının tətbiqinin əhəmiyyətindən danışan nazirin birinci müavini bildirib ki, “102” Zəng Mərkəzinə daxil olan məlumatlar üzrə görülən operativ cavab tədbirləri nəticəsində 867 cinayət “isti izlər”lə açılıb, 3156 hüquqazidd əməlin qarşısı alınıb, 2424 cinayət işi başlanılıb, həmçinin “Təhlükəsiz Şəhər” Xidmətinin imkanları ilə 177 cinayət açılıb, 8389 yol-nəqliyyat qəzası və piyadaların vurulması ilə nəticələnən 179 hadisə aşkarlanıb. Qeyd olunub ki, hesabat dövründə daha 151 nöqtədə 608 kamera quraşdırılıb və müvafiq texniki vasitələrin sayı 3293 nöqtə üzrə 11.840 vahidə çatdırılıb. Eyni zamanda cinayətlərin qarşısının alınmasında və açılmasında xüsusi mülkiyyətə aid obyektlərdə quraşdırılmış daha 100 minə yaxın videomüşahidə kamerasından da uğurla istifadə olunur. 

Cinayətə görə məsuliyyətin labüdlüyünün təmini işi də nəzarətdə saxlanılaraq məhkəmədən, istintaqdan və təhqiqat orqanlarından yayınan 1607, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 346 təqsirləndirilən şəxs tutulub.
Məruzəçi bildirib ki, ötən 6 ayda mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 536, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 138 kriminal qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 70 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Eyni zamanda, qeyri-leqal dövriyyədən 603,3 kiloqram narkotik vasitənin çıxarıldığı, bu əməllərə görə 34 cinayətkar qrupun zərərsizləşdirildiyi, 1302 şəxsin məsuliyyətə cəlb olunduğu, qanunsuz kultivasiya edilən və yabanı halda bitən 95 tondan çox çətənə və xaş-xaş kolunun aşkarlanıb məhv edildiyi bildirilib. 
İnsan alverinə qarşı mübarizədə müvafiq qanunvericilik aktları və Milli Fəaliyyət Planı əsasında görülən işlərin də ardıcıl davam etdirildiyi, nəticədə 2016-cı ilin birinci yarısı ilə müqayisədə 13 faiz çox, yaxud 105 insan alveri cinayətinin müəyyən edildiyi, 8 nəfərdən ibarət 4 cinayətkar qrupun zərərsizləşdirildiyi, bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı çərçivəsində 15 nəfərin məhkəmə məsuliyyətinə verildiyi, habelə insan alverinin qurbanı olmuş 53 nəfərin cəmiyyətə reinteqrasiya olunduğu diqqətə çatdırılıb. 

Nazirin birinci müavini daha sonra deyib ki, ötən ilin 6 ayı ilə müqayisədə hesabat dövründə istintaqı tamamlanmış cinayət işlərinin sayı 6 faiz, məhkəmələrə göndərilən işlərin sayı 7,4 faiz, təhqiqatçıların iş həcmi isə 13 faiz çox olub. Dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödənilməsi isə 73 faiz təşkil edib. 
Fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, o cümlədən insanların həyatının və sağlamlığının qorunması sahəsində də əvvəlki illərdə mövcud olan müsbət təmayülün ümumən qorunub saxlanıldğı vurğulanıb. 
Bildirilib ki, bütövlükdə, daxili işlər orqanları tərəfindən müxtəlif inzibati xətalara görə isə 1.615.372 protokol tərtib olunub. Bu əsasda qəbul edilən qərarlarla 1.568.336  nəfər cərimələnib, 1778 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 28.755 nəfərə xəbərdarlıq edilib. 

Məruzədə Daxili Qoşunlarda xidməti-döyüş hazırlığının və səfərbərliyin yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, maddi-texniki təchizatın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin planlı şəkildə davam etdirildiyi də diqqətə çatdırılıb. 
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin və zəruri təşkilati-əməli tədbirlərin daxili işlər nazirinin şəxsi nəzarəti altında cari ilin birinci yarısında da icra edildiyi, Nazirliyin rəhbərliyi tərəfindən 1013, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın ayrı-ayrı şəhər və rayonlarında 187 vətəndaşın qəbulunun həyata keçirildiyi, qaldırılan məsələlərin əksəriyyətinin öz müsbət həllini tapdığı vurğulanıb. O da bildirilib ki, hesabat dövründə Nazirliyə daxil olan şikayətlərin sayı 9 faiz azalıb. 
Polis general-leytenantı Vilayət Eyvazov çıxışının sonunda qeyd edib ki, insan hüquq və azadlıqlarının təmin edilməsi və korrupsiyaya qarşı mübarizəyə dair milli fəaliyyət plan və proqramlarına, həmçinin müvafiq istiqamətlər üzrə DİN rəhbərliyinin əmr və göstərişlərinə uyğun olaraq, orqan və hissələrdə qanunçuluğun möhkəmləndirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi və şəffaflığın artırılması üzrə sistemli fəaliyyət davam etdirilir. Görülmüş işlərin əyani təsdiqi istifadəyə verilmiş qaynar xətlər, veb-saytlar, elektron xidmətlər, informasiya əldə olunmasının asanlaşdırılması və reallaşdırılan digər innovativ təşəbbüslərdir. 

Məruzə ətrafı çıxışlarda Nazirliyin ayrı-ayrı struktur qurumlarının, şəhər, rayon polis orqanlarının rəisləri görülmüş işlər, mövcud nöqsanların aradan qaldırılması üzrə qarşıda duran vəzifələr barədə məlumat veriblər. 
İclasa yekun vuran nazir Ramil Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin yerinə yetirildiyini, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiyini, eləcə də digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib. 

Kollegiya iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldən,  tapşırıq və tövsiyələrini verən nazir tələb edib ki, ərazi  polis orqanlarının rəisləri əməliyyat-xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün təsirli tədbirlər görməli, aidiyyatı baş idarə və idarələr yerlərdə aparılan qabaqlayıcı işi, həyata keçirilən əməliyyat-axtarış tədbirlərini gücləndirməli, yerlərə idarəçilik təsirini və praktiki köməkliklərin effektivliyini artırmalıdırlar. Eyni zamanda, cinayətkarlığa qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi ciddi nəzarətdə saxlanılmalı, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, yol hərəkətinə nəzarət tədbirləri gücləndirilməli, qabaqlayıcı işin səmərəliliyi daha da artırılmalı, cinayətə görə cəzanın labüdlüyü prinsipinin dönmədən həyata keçirilməsi üçün cinayətlərin açılmasının daha da yaxşılaşdırılması, şəxsi heyətin peşəkarlığının yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi və digər istiqamətlərdə tədbirlər daha məqsədyönlü davam etdirilməlidir.  

Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət hesabat dövründə qazanılmış uğurlardan arxayınlaşmayaraq, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələri, eləcə də ölkədə hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əmr və göstərişlərini bundan sonra da məsuliyyətlə yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək,  2017-ci ili də yüksək göstəricilərlə başa vuracaqdır.