DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

13.06.2017

IV İslam Həmrəyliyi Oyunları zamanı qarşıya qoyulmuş tapşırıqların icrasında xüsusilə fərqləndiklərinə görə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə mükafatlandırılmış  polis əməkdaşlarına mükafatların təqdim edilməsinə həsr olunmuş mərasim keçirilib.
 İyunun 13-də Daxili İşlər Nazirliyində təşkil edilən tədbiri açan nazir R.Usubov ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və gərgin əməyi, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın çox böyük təşkilatçılıq bacarığı və xidmətləri sayəsində ötən ay respublikamızda IV İslam Həmrəyliyi  Oyunlarının yüksək səviyyədə təşkilini məmnunluqla xatırladıb. Bu beynəlxalq əhəmiyyətli tədbir  zamanı ictimai asayişin təmin edilməsinə cəlb olunan 12 mindən çox əməkdaşın və hərbi qulluqçunun qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələrək əsl vətənpərvərlik və peşəkarlıq nümayiş etdirdiklərini vurğulayıb. 

Yarışların ölkəmizin adına və nüfuzuna layiq təhlükəsizlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün böyük bir fəaliyyətin ortaya qoyulduğu, belə nümunəvi və fədakar xidmətin həm xalqımız, həm də ölkəmizə gəlmiş çoxsaylı qonaqlar, turistlər və idmançılar tərəfindən razılıqla qarşılandığı qeyd edilib. 
Dövlət başçısının tapşırığı ilə İslamiada zamanı xidməti vəzifələrini nümunəvi yerinə yetirdiklərinə, ictimai qaydanın və təhlükəsizliyin təminində yüksək peşəkarlıq göstərdiklərinə görə daxili işlər nazirinin müvafiq əmrləri ilə 643 əməkdaş və hərbi qulluqçunun mükafatlandırıldığı diqqətə çatdırılıb. 
Sonra təltif olunanlardan mərasimə dəvət olunmuş 50 əməkdaşın siyahısı elan edilib və nazir Ramil Usubov mükafatları təqdim edərək fərqlənənləri bir daha təbrik edib, hər bir təltifin yüksək məsuliyyət doğurduğunu xatırladıb, onlara xidməti fəaliyyətdə uğurlar, möhkəm cansağlığı, ailə səadəti arzulayıb.