DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Əməkdaşlarımız yeni qələbələr qazanırlar

17.05.2017

Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları Azərbaycan, eləcə də İslam dünyası üçün mötəbər hadisədir. Bu günlər İslam dünyasının nəbzi Azərbaycanda döyünür. Sülh, dostluq, qardaşlıq bayramı günlərinin hər biri islam ölkələrinin idmançılarının gücünü, hazırlığını göstərir. 

Bu beynəlxalq idman yarışında Azərbaycan təmsilçiləri layiqincə çıxış edir, onlara olan ümidəri doğruldurlar. Bütün ölkə idmançıları ilə bir sırada ölkəmizin yığma komandalarının tərkibində təmsil olunan daxili işlər orqanlarının əməkdaşlarının və DİN İdman Cəmiyyətinin yetirmələrinin uğurları gecə-gündüz sayıq xidmətdə olan, İslamiadanın təhlükəsizlik tədbirlərində yaxından və çox fəal iştirak edən polislərimiz üçün ikiqat bayram ovqatı yaradıb. Bu yarışda Daxili Işlər Nazirliyinin 17 idmançı əməkdaşı qələbə uğrunda mübarizəyə qatılıb. Artıq onlar ölkəmizin medal mücrüsünə 5 qızıl, 1 gümüş medal qazandırıblar. 

Azərbaycan yığma komandasına “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı DİN Daxili Qoşunlarının giziri Ruslan Lunyov qazandırıb. Təmsilçimiz bu uğurunu atıcılıq üzrə sonrakı yarışlara qatılmaqla yenidən təkrar edib, komandamıza ümumilikdə dörd qızıl medal qazandırıb. Qeyd edək ki, Ruslan bu yarışda anası DİN Daxili Qoşunlarının veteranı, istefada olan mayor İradə Aşumova ilə birgə mübarizə aparıb. İ.Aşumova Afina Olimpiadasının bürünc medalçısı, dəfələrlə dünya və Avropa çempionatlarının mükafatçısı olub.

Karatenin kumite yarışlarında mübarizə aparan DİN Daxili Qoşunlarının əsgəri, iki il əvvəl ölkəmizdə təşkil olunan ilk Avropa oyunlarının qalibi Ayxan Mamayev səkkizdəbir finalda iordaniyalı Sayan Mahmudu 7:1 hesabı ilə məğlub edib. Azərbaycan idmançısı dörddəbir finalda əlcəzairli Mauad Açhaçeyə 5:3, yarımfinalda özbəkistanlı Əbdüləziz Ataboyev isə 3:1 hesabı ilə qalib gələrək, finalda türkiyəli Alparslan Yamanoğlunu 1:0 hesabı ilə məğlub edərək IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub.

IV İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışlarında Xəzər Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı  Kənan Abdullaxanlı komandamızın hesabına gümüş medal qazandırıb.