DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

17.03.2017


 Martın 17-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisini qəbul edib.

Qonağı salamlayan nazir Birləşmiş Ərəb Əmirliklərinin müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri olduğunu, beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanı dəstəklədiyini qeyd edərək ölkələrimizin başçıları arasında şəxsi dostluq münasibətlərinin, qarşılıqlı səfərlərin, ən yüksək səviyyədə imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini, xüsusən son illər bu əlaqələrin dinamik şəkildə, uğurla inkişaf etdiyini bildirib.

Daha sonra DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində respublikamızda hökm sürən gərgin ictimai-siyasi və kriminogen durum, ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra həyata keçirilən islahatlar, sabitlik və əmin-amanlığın bərpa edilməsi, xarici investorların ölkəmizin iqtisadiyyatına sərmayə qoymaları üçün normal şəraitin  yaradılması barədə məlumat verilib.

2007-ci ilin sonlarında Birləşmiş Ərəb Əmirliklərinə səfərini, azərbaycanlı mütəxəssislərin Dubay şəhərində fəaliyyət göstərən "Təhlükəsiz şəhər" sisteminin işi və funksiyaları ilə yaxından tanış olduqlarını məmnunluqla xatırladan nazir artıq 2009-cu ildən eyniadlı texnoloji yeniliyin əməliyyat-xidməti fəaliyyətdə uğurla tətbiq edildiyini, iki ölkənin müvafiq strukturları arasında əlaqələrin inkişafında, cinayətkarlıqla, xüsusən onun mütəşəkkil növlərinə qarşı mübarizədə BƏƏ polisinin zəngin təcrübəsinin öyrənilməsində Azərbaycan tərəfinin hər zaman maraqlı olduğunu nəzərə çatdırıb.
Vaxtilə tərəflər arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin və insan alveri ilə mübarizə üzrə əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını diqqətə çatdıran cənab R.Usubov bu görüşün birgə işbirliyinin daha da genişlənməsinə xidmət edəcəyinə əmilnliyini vurğulayıb.

Polisin fəaliyyətinin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyünü deyən daxili işlər naziri son 10 ildə 7 minə yaxın əməkdaşın və hərbi qulluqçunun bir sıra beynəlxalq təşkilatların xəttilə çoxsaylı təlim və treninqlərə cəlb edildiyini, bunun şəxsi heyətin peşəkarlığının, hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə müsbət təsir göstərdiyini qeyd edib.

Cənab Mohamed Hamel Alqubaisi səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, təqribən bir il yarımlıq diplomatik fəaliyyəti dövründə paytaxt da daxil olmaqla ölkəmizin bütün bölgələrində hökm sürən stabillik, əmin-amanlıq şəraitindən məmnunluq duyduğunu deyib. Məhz təhlükəsizlik və sabitlik faktorlarının, ən müasir tələblərə cavab verən yeni infrastrukturların və xidmət sahələrinin yaradılması hesabına respublikamızın əcnəbilər üçün cəlbedici dövlətə çevrildiyini, nəticədə son bir ildə Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayında 100 dəfədən də çox artımın müşahidə edildiyini vurğulayan səfir bu işdə ölkə rəhbərliyinin və hüquq-mühafizə orqanlarının danılmaz rolu olduğunu diqqətə çatdırıb, sonrakı fəaliyyəti dövründə də münasibətlərimizin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.