DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

19.02.2017


Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 19-da ölkəmizdə rəsmi səfərdə olan Ukraynanın baş prokuroru Yuri Lutsenkonun başçılıq etdiyi nümayəndə heyətini  qəbul edib.
 
Qonaları salamlayan nazir son illər iki ölkə prezidentlərinin siyasi iradəsinə, dostluq münasibətlərinə və imzalanmış hökumətlərarası sənədlərə uyğun olaraq Azərbaycanla Ukrayna arasında bütün sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişafını, cinayətkarlığa, xüsusən mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə qarşı hər iki dövlətin güc strukturlarının səmərəli əməkdaşlıq etdiyini məmnunluqla vurğulayıb. O, bu işdəki roluna, eyni zamanda, Ukrayna ərazisində azərbaycanlılara qarşı törədilmiş bir sıra cinayətlərin istintaqını şəxsən nəzarətə götürdüyünə görə baş prokuror Yuri Lutsenkoya təşəkkürünü bildirib.
 
Daha sonra cənab Ramil Usubov müstəqilliyin ilk illərində respublikamızdakı gərgin ictimai-siyasi vəziyyət, ağır kriminogen durum barədə məlumat verib. Azərbaycanın bu fəlakətdən xalqın tələbi ilə ali hakimiyyətə qayıdan Ulu Öndər  Heydər Əliyevin müdrik siyasəti və rəhbərliyi ilə həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində xilas olduğunu xatırladan nazir 1995-ci ilin sonlarından başlayaraq ölkəmizdə sabitliyin bərqərar olduğunu, əməliyyat şəraitinin tam nəzarətə götürüldüyünü diqqətə çatdırıb. Məhz görülmüş belə məqsədyönlü işlərin, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu hüquq mühafizə siyasətinin məntiqi nəticəsi olaraq bu gün ölkəmizin  cinayətlərin sayının azlığına görə MDB və Şərqi Avropada öncül yerlərdən birini tutduğu xüsusi qeyd olunub. 
 
Ukrayna Respublikasının baş prokuroru Yuri Lutsenko səmimi qəbula, yüksək qonaqpərvərliyə və ətraflı məlumata görə minnətdarlığını bildirərək Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən məmnunluğunu ifadə edib. Qonaq iki ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib, bu məqsədlə öz səylərini əsirgəməyəcəyini vurğulayıb. 
 
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
 
Görüşdə Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko iştirak edib.