DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi mətbuat xidmətlərinin məlumatı

03.02.2017


Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış iki ağır cinayətin üstü açılmışdır.

Belə ki, ötən il sentyabrın 26-da Tərtər şəhər sakini, valyuta mübadiləsi ilə məşğul olan Səxavət Musayev 13 min manat pulla xəbərsiz itkin düşmüşdür.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 4 gün sonra - sentyabrın 30-da Səxavət Musayevin üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Şıxarx kəndi ərazisində aşkar edilmiş və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin  120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Aparılmış intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində mərhumun Tərtər rayon sakinləri Səxavət Orucov, Şaiq Həsənov və Aqil Aslanov tərəfindən tamah niyyətilə döyülərək qətlə yetirilməsinə əsaslı şübhələr olduğundan Ş.Həsənov və A.Aslanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir. Cinayətin digər iştirakçısı, əvvəllər dəfələrlə məhkum olunmuş Səxavət Orucov isə istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş və o, 2016-cı il dekabrın 27-də tutularaq istintaqa təhvil verilmişdir.

Səxavət Orucovun qeyd olunan cinayətdən başqa, 19 fevral 2014-cü il tarixdə Tərtər rayon sakini Sənan Mirzəyevin yaşadığı evdə şəxsi münasibətlər zəminində özünə məxsus odlu silahdan atəş açaraq onu qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Bununla bağlı təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, maddi sübutlar götürülmüşdür.

Tərtər rayon prokurorluğunda başlanmış hər iki cinayət işi bir icraatda birləşdirilərək Səxavət Orucova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 228.1-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah hazırlama) maddələrində nəzərdə tutulan  ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə zəruri  istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.