DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

18.10.2016

Dövlət müstəqilliyimizin bərpasının 25 illik yubileyi ərəfəsində Yevlax RPŞ-nin inzibati binasında ölkəmizin Qərb, Şimal-Qərb, Qarabağ və Aran bölgələrinin polis orqanları rəislərinin şəxsi heyətlə iş üzrə köməkçiləri ilə xidməti fəaliyyətin mənəvi-psixoloji təminatı məsələlərinə həsr olunmuş geniş seminar-müşavirə keçirilib. 
Tədbirdə respublikanın daxili işlər nazirinin müavini, polis general-leytenantı  İsmət Əliyev iştirak edib. 

Nazir müavini respublikanın daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubovun adından iştirakçıları əlamətdar bayram münasibətilə təbrik edib, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1995-ci ildən etibarən, sosial-iqtisadi inkişaf sahəsində də çox böyük nailiyyyətlər qazanıldığını, əsası ulu öndər tərəfindən qoyulan bu xəttin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. 

Qeyd edilib ki, daxili işlər orqanlarının işini tənzimləyən normativ-hüquqi bazanın Avropa standartlarına uyğunlaşdırılması, şəxsi heyətin peşə hazırlığının təşkili, əməkdaşların təlim-tərbiyəsi işinin müasir dövrün tələbləri səviyyəsinə qaldırılması, yeni düşüncə tərzinin, geniş dünyagörüşün formalaşdırılması, milli əxlaqımıza, adət-ənənələrimizə uyğun etik-davranış qaydalarının onlara daha dərindən aşılanması istiqamətində də mühüm addımlar atılıb.

Polis general-leytenantı İsmət Əliyev gündəlik fəaliyyətdə insanlarla, ayrı-ayrı sosial qruplarla bilavasitə təmasda olan asayiş keşikçilərinin intellektual səviyyəsinin, geniş dünyagörüşünə malik olmasının, qanunun aliliyi prinsipinə dönmədən riayət etməsinin, rəftarında, müraciətində etik davranış normalarının tələblərini gözləməsinin son nəticədə cəmiyyətdə polis əməkdaşları barədə müsbət rəyin formalaşmasında müstəsna əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb. Orqan və hissələrdə sağlam mənəvi-psixoloji mühitin mövcudluğunun, şəxsi heyət arasında vətənə, dövlətçiliyə, xidməti borca sədaqət hissinin aşılanmasının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə olunmuş uğurlu nəticələrin davamlılığı üçün  başlıca şərt olduğu qeyd edilib. O da bildirilib ki, bu gün ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin bərqərar olunmasında, habelə cinayətkarlıqla mübarizə sahəsində əldə olunmuş nailiyyətlər gərgin səylər hesabına qazanılıb, bu yolda itkilər də az olmayıb. Təkcə cari ilin 9 ayı ərzində xidməti vəzifə borcunu yerinə yetirərkən 3 nəfər polis əməkdaşı həlak olub,  49 nəfər isə xəsarət alıb. 

Sonra DİN-in Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev daxili işlər orqanlarının əməkdaşları arasında nizam-intizamın, qanunçuluğun vəziyyəti və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib. O bildirib ki, hər bir polis əməkdaşı vətəndaş və polis münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu, habelə dünya sivilizasiyasına inteqrasiya edən ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına son dərəcə həssaslıqla yanaşıldığı bugünkü zamanda üzərinə düşən məsuliyyəti dərindən dərk etməli, müstəqil dövlət quruculuğu prosesində şəxsiyyət və dövlət arasında yaradılan yeni idarəetmə mexanizmlərinin icrasında, günü-gündən inkişaf edən ictimai münasibətlərin tənzimlənməsində bütün imkanlarını səfərbər etməli, bu yolda əlindən gələni əsirgəməməlidir.

Nazir müavini İsmət Əliyev tədbirə yekun vuraraq əməkdaşların təlim-tərbiyəsi, fəaliyyətin mənəvi-psixoloji təminatı yönündə DİN rəhbərliyinin tapşırıqlarını, tələb və tövsiyələrini bir daha iştirakçıların diqqətinə çatdırıb, bu istiqamətdə qarşıya qoyulan başlıca vəzifələr, onların həlli yolları barədə ətraflı danışıb.