Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Problem cəmiyyətimizdə deyil, cənab "bəy"lər, sizin xislətinizdədir…

09.03.2011
Son yeddi ildə ümummilli liderimizin siyasətini uğurla davam və inkişaf etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev yüksək intellekt və müasir düşüncə  tərzinə malik rəhbər, Heydər Əliyevin zəngin dövlətçilik və  idarəetmə məktəbinin ən layiqli yetirməsi olaraq ölkəmizin sürətli sosial-iqtisadi inkişafının, dünya sivilizasiyasına, iqtisadiyyatına fəal şəkildə inteqrasiyasının vacib elementlərindən biri kimi ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasına, cinayətkarlıqla uğurlu mübarizə xəttinin davam etdirilməsinə xüsusi önəm vermişdir. Ötən prezident və parlament seçkilərinin nəticələri isə seçicilərin mütləq əksəriyyətinin ulu öndərimiz tərəfindən müəyyənləşdirilmiş, ölkəmizin milli maraqlarını və  müstəqilliyini təmin edən Azərbaycanın gələcək inkişaf və yaşam modelinə növbəti dəfə dəstək verdiklərini, bu strateji kursun yeganə və alternativsiz olduğunu əyani şəkildə təsdiqlədi.

Cəmiyyətdə heç bir dayağı və sosial bazası olmayan, insanların kortəbii inamı dalğasında müstəqilliyin ilk illərində hakimiyyətə yiyələnmiş və heç bir il də duruş gətirməmiş, ən müasir tariximizdə Azərbaycanı xaos, anarxiya və dərəbəylik girdabına, cinayətkarlığın at oynatdığı məkana yuvarlamış, əsrlərlə bir yerdə dostluq və mehribanlıq şəraitində yaşamış, xeyri-şəri bir olmuş, dəfələrlə yadelli qəsbkarlara qarşı birlikdə vuruşaraq doğma torpaqlarımızı onların dağıdıcı hücumlarından qorumuş, həmişə tolerantlığı və dözümlülüyü ilə digər millətlərə nümunə olmuş çoxmillətli Vətənimizin xalqları arasında nifaq toxumu səpən, bölücülüyü təbliğ edən yalançı meydan qəhrəmanları, indiki halda radikal müxalifət liderləri siyasi arenada, necə deyərlər, öz qatarlarının getdiklərinin, arxivin bir küncünə atıldıqlarının fərqində olsalar da, «bəlkə də qaytardılar» xülyasından hələ də qurtula bilmirlər. Hakimiyyət və mənsəb naminə hətta şeytanla da ittifaqa girməyə hazır olan, siyasət səhnəsindəki indiki status-kvolarını, yəni formal mövcudluqlarını çoxdan xaricdəki bəzi bədxah qüvvələrin ianələrindən, qəpik-quruşlarından asılı etmiş radikal müxalifət və onların səhnə dekorasiyası kimi dəyişməz liderləri qarşılarına qoyulmuş məqsədlərə çatmaq yolunda ən böyük maneələrdən birinin daxili işlər orqanlarının olduğunu yaxşı anlayırlar.

Bəzi maraqlı xarici qüvvələrin ölkəmizdə sınaqdan keçirməyə cəhd göstərdiyi «rəngli inqilablar» xülyasının tərəfdarı olan radikal müxalifət ideoloqları və funksionerləri təqribən 6 il öncə parlament seçkiləri ərəfəsində və sonra daxili işlər orqanlarının şəxsi heyətinin növbəti dəfə Azərbaycan dövlətçiliyinə, xalqına, Prezidentinə və andına sadiq qaldıqlarının şahidi oldular. İndi Şimali Afrikada baş verən proseslərdən öz dayaz fantaziyaları çərçivəsində yararlanmağa çalışan belə avantüristlər ətraflarında dolanan bir qrup gəncimizi və əcnəbilərin qrantlarından birbaşa asılı olan bir neçə qeyri-hökumət təşkilatını şəxsi ambisiyalarının aləti kimi istifadə etməyə səy göstərirlər. Amma unudurlar ki,  əsl Azərbaycan gəncliyi belə avantüralara uyan deyil.
İstər ümummili liderimiz, istərsə də möhtərəm Prezidentimiz dünyanın inkişaf etmiş hüquqi, demokratik ölkələrindən biri kimi  Azərbaycanın parlaq gələcəyinin yüksək intellektə, sağlam dünyagörüşə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış vətənpərvər gənclərdən asılı olduğunu çıxış və nitqlərində dəfələrlə vurğulamış, belə üstün mənəvi və iş keyfiyyətlərinə malik insanların dövlət idarəçiliyində, ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları üçün bütün zəruri tədbirləri görmüş, o cümlədən Dövlət Gənclər siyasəti haqqında xüsusi Proqram qəbul edilmişdir. Təqdirəlayiq haldır ki, Ulu Öndərin və möhtərəm dövlət başçımızın müdrik tövsiyələrini və göstərişlərini layiqincə yerinə yetirən Nazirliyin rəhbərliyinin diqqət və qayğısı sayəsində hazırda daxili işlər orqanlarının da sıralarında on mindən çox gənc dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etməkdədir.

Təxminən 20 il əvvəl hakimiyyətə gəlib ölkəni vətəndaş müharibəsi təhlükəsi, dağılmış iqtisadiyyat və cinayətkarlığın tüğyan etməsi ilə üzbəüz qoymuş köhnə tanış simalar indi heç nə olmamış kimi, yenə də demokratiyadan, insan hüquqlarından dəm vurur, özlərinin köhnə əməllərindən, hoqqalarından bixəbər gəncləri yanlış səmtə yönəltməyə, onları «stəkanda fırtına» oyunbazlğına cəlb etməyə, qeyri-qanuni aksiyalara çağırmaqla qarşıdurmaya təhrik etməyə çalışırlar. Adətlərinə uyğun olaraq, belə hallarda guya potensial qarşıdurmadan sığortalanmaq, qabaqdangəlmişlik edərək məsuliyyəti hakimiyyət orqanlarının üzərinə qoymaq üçün asayiş keşikçilərinə İnternet vasitəsilə «şanlı» müraciət ünvanlamaqdan belə utanmırlar. Guya tədbirli tərpənən radikal müxalifətin funksionerləri bu düşərgənin mətbəxində hazırlanması şübhə doğurmayan eyni məzmunlu müraciəti bu dəfə gənclərin adından sırımağa cəhd edirlər.
Qəribədir ki, kütlə qarşısında döşlərinə döyərək respublikamıza azadlıq, müstəqillik qazandırdıqlarını iddia edən bəylərin qələmindən çıxmış dırnaqarası müraciətin absurdluğu həm də ondadır ki, müəllifləri hər gün xidməti fəaliyyətində çoxsaylı vətəndaşların pozulmuş hüququnu bərpa edən, onların təhlükəsizliy    ini və mülkiyyətini etibarlı şəkildə qoruyan polis əməkdaşlarını da hüquqları pozulmuş tərəf kimi təqdim edir, yalançı meydan qəhrəmanlarının leksikonundan götürülmüş populist və yağlı vədlər verməklə asayiş keşikçilərini öz tərəflərinə çəkmək istəyirlər. Tanış ssenaridir. Çağdaş tariximizin ən taleyüklü və həssas məqamlarında eyni məzmunlu çağırışların, bəyanatların səsləndiyini çox eşitmişik.

Ancaq onlar bilməmiş deyillər ki, dünyanın ən inkişaf etmiş dövlətlərində də polis asayişi mühafizə funksiyalarını yerinə yetirərək istənilən qanunsuz aksiyanın qarşısını da alır, ictimai qaydanı kobud şəkildə pozan, tabeçilik göstərməyən şəxslərə qarşı fiziki güc də tətbiq edir. Və bu zaman normal düşüncə, məntiq sahibi olan hər hansı ictimai və ya siyasi təşkilat nümayəndəsi polisi öz vəzifə borcunu yerinə yetirdiyinə görə qınamır, məzəmmət obyektinə çevirmir. Hələ biz onu demirik ki, ara-sıra Avropa ölkələrindən də yan keçməyən kütləvi etiraz aksiyalarının, müxtəlif tətillərin qarşısının alınması bəzən asayiş keşikçiləri ilə nümayişçilər arasında şiddətli qarşıdurmalarla da müşayiət olunur. Bu kontekstdə konkret olaraq, Şimali Afrikada və Yaxın Şərqin bəzi dövlətlərində qırğınlarla, böyük dağıntılarla və hakimiyyətin zorla dəyişdirilməsi ilə nəticələnən məlum proseslərin sonda həmin ölkələrin xalqları üçün nə ilə yekunlaşacağını, onlara hansı sürprizlər bəxş edəcəyini gələcək göstərəcək. Necə deyərlər, zaman ən böyük və ədalətli hakimdir!
Belələrinə qısa bir xatırlatma yerinə düşərdi. Əvvəla, həm siyasi, həm sosial-iqtisadi, həm də demokratik islahatların uğurla həyata keçirildiyi, dünyanın inkişaf edən ölkələri sırasına çıxmaqda olan Azərbaycanı hər hansı bir şərq, yaxud qərb dövləti ilə müqayisə etməyin, ölkəmizdə inqilab, üsyan, yaxud vətəndaş müharibəsi üçün münbit şərait olduğunu düşünməyin özü, ən azından qərəzli yanaşmadır. Azərbaycan vətəndaş müharibəsini də görüb, çevriliş cəhdlərini də, Ulu Öndərimizin müdrikliyi, möhtərəm Prezidentimizin dərin zəkası, qətiyyəti və uzaqgörənliyi sayəsində qansız-qadasız ən demokratik islahatları və inkişafı da. Azərbaycan dünyanın demokratik, sivill, hüquqi dövlətlərindən biri kimi bütün bu sayaq problemləri keçmişdə qoyub və indi bizim üçün yalnız bir düşmən, bir müharibə cəbhəsi var.
Əməkdaşlarımız və hərbi qulluqçularımız ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda fədakarlıq göstərib bu yolda qurbanlar verməklə yanaşı, sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın qorunmasında, qanunsuz aksiyaların qarşısının alınmasında hər zaman öz həlledici sözünü demiş və bundan sonra da deyəcəklər. Bunu heç kim, həmçinin Azərbaycan Polisinə ünvanlanmış "şanlı" müraciətin müəllifləri də unutmasınlar.

Son illər ərzində ictimai həyatın bütün sahələrində qazanılmış uğurlar, ölkəmizin beynəlxalq aləmdə durmadan artan nüfuzu, iqtisadi qüdrəti, qısa zaman kəsiyində çox sürətlə keçdiyi yol bir daha təsdiqləyir ki, cəmiyyətdə köklü dəyişikliklər, tərəqqi və sürətli inkişaf şiddətli qarşıdurmalarla, böyük dağıntılarla və insan tələfatı ilə müşayiət olunan  qanlı inqilablarla, zorakı çevrilişlərlə deyil, ağlın, zəkanın gücünə, xalqın etimadına və iradəsinə əsaslanan legitim hakimiyyət tərəfindən demokratik, siyasi, sosial-iqtisadi islahatların təkamül yolu ilə, dinc və mərhələli şəkildə həyata keçirilməsindən birbaşa asılıdır.
Çox istərdik ki, bunu da unutmayasınız!

geriyə