Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2014-cü ilin yekun təhlili


2014-cü ildə cinayətkarlığa qarşı mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair təhlil

2014-cü ildə daxili işlər orqanları tərəfindən Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, qanunvericilik aktları, xüsusi Dövlət proqramları və müvafiq planlardan irəli gələn vəzifələr vaxtında və tam yerinə yetirilmişdir. Vətəndaşların əmin-amanlığının yüksək səviyyədə təmin edildiyi dövlət imicini bir daha təsdiqləyən Azərbaycan Respublikası əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına (257) görə keçən ildə MDB və Şərqi Avropa məkanında öncül mövqedə olmuşdur.

Ötən ildə bütün uçot subyekləri üzrə 24607 (2013-cü illə müqayisədə +9,9%) cinayət qeydə alınmış, onların 81,2%-nin (2013-cü illə müqayisədə -4,1%) açılması təmin edilmişdir.
Daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlər 1832 fakt (+9%) artaraq 22297 fakt təşkil etmiş, açılması 80,7% olmuşdur. Onlardan 53,1% (11850) az ağır, 32,9% (7335) böyük ictimai təhlükə törətməyən və 14% (3112) ağır və xüsusilə ağır növlərə aiddir.

Cinayətlərin 20,6%-i (4584) şəxsiyyət əleyhinə, 44,1% (9831) iqtisadi fəaliyyət sahəsində, 32,1% (7159) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 3,2%-i (722) dövlət hakimiyyəti əleyhinə olanlar təşkil etmişdir.
Cinayətlərin strukturunda qaçaqmalçılıq 29,5% (-13), korrupsiya ilə bağlı cinayətlər 11,5% (-24), yol hərəkəti və nəqliyyat vasitələrin istismar qaydalarını pozma 10,4% (-236), o cümlədən ölümlə nəticələnən YHN 4,7% (-38), xuliqanlıq 4,1% (-50) azalmış, adam öldürməyə cəhdlər 12,9% (+9), avtonəqliyyatın qaçırılması 43,6% (+17), oğurluqlar 13,9% (+717), o cümlədən mənzillərdən oğurluqlar 8,7% (+152) artmışdır.
Ağır və xüsusilə ağır cinayətlərin 80%, o cümlədən qəsdən adam öldürmələrin 89,4%, hədə-qorxu ilə tələb etmələrin 88%, quldurluqların 76,2% açılması təmin edilmiş, habelə keçmiş illərdən bağlı qalmış 416, o cümlədən 104 ağır və xüsusilə ağır cinayət açılmışdır.

Bağlı qalmış 4118 cinayətin 85,6%-ni (3524) az ağır və böyük ictimai təhlükə törətməyən və yalnız 14,4% (595) ağır və xüsusilə ağır növlər təşkil etmiş, onlardan da 60,2% (358) mülkiyyət əleyhinə, 24,5% (146) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 12,8% (76) şəxsiyyət əleyhinə olan cinayətlərdir.
İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən əməliyyat tədbirləri ilə 97 (+17) cinayət faktı müəyyənləşdirərək 19 nəfərdən ibarət 9 cinayətkar qrup cinayət məsuliyyətinə cəlb olunmuş, bu əməllərin qurbanı
-52 (+2) şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilmişdir.

İctimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 183 (+13), o cümlədən 79 (+6) fahişəliyə cəlb etmə və 86(+18) əxlaqsız yuvaları saxlama cinayəti aşkarlanaraq 115 nəfər məsuliyyətə cəlb olunmuşdur.
Mütəşəkkil dəstələr tərəfindən törədilən cinayətlər 31%, ictimai yerlərdə baş verən ağır və xüsusilə ağır cinayətlər 24,3% yetkinlik yaşına çatmayanların cinayətləri 13,1% azalmışdır. Bütövlükdə respublika üzrə açılması təmin edilmiş 232 qəsdən adam öldürmə və ona cəhdin 55%-i (127-i) ailə-məişət münaqişələri zəminində baş vermişdir.
Hesabat ilində mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 1893, o cümlədən 638 ağır və xüsusilə ağır cinayət törətmiş 2212 nəfəri birləşdirən 845 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir.

Narkotiklərlə əlaqədar 3046 (+18,2%), o cümlədən satış məqsədilə 801 (+18,3%) cinayət aşkar edilərək qeyri-leqal dövriyyədən 673 (+53,5) kq narkotik vasitə çıxarılmış, qanunsuz kultivasiya edilən 212 (-90) tondan çox çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilmişdir. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 150 nəfərdən ibarət 58 cinayətkar qrup yaxalanmış, 75,6 (+10,5) kq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır. Bu növ cinayət törətmiş 2408 nəfərdən 2179 (90,5%-i) işləməyən və oxumayan, 752 (31,2%) əvvəllər cinayət törətmiş şəxslər, 59 (2,5%) qadınlar təşkil etmişdir.
İctimai mənəviyyat əleyhinə (90%), ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə (79,3%), mülkiyyət əleyhinə (74%), dövlət hakimiyyəti əleyhinə olan cinayətlərə (73,9%) görə axtarılanların tutulması işində müsbət nəticələr əldə edilmişdir.

Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 1,2% yaxşılaşaraq istintaqdan və məhkəmədən yayınan 2193 nəfər tutulmuşdur. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa olan 73 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən olunmuşdur.
Axtarış işinin göstəricisi bütövlükdə 67,7% , itkin düşənlərin tapılması isə 76,6% (926 şəxsdən 709) təşkil etmişdir.
Hüquqa zidd əməl törətmiş 15560 şəxsdən 12.656 nəfər məsuliyyətə cəlb edilmiş, onlardan 9945 (78,6%) işləməyən və oxumayan, 1986 (15,7%) əvvəllər məhkum edilmiş, 725 (5,7%) qadın, 417 (3,3%) yetkinlik yaşına çatmayanlar olmuşdur.

                                                      Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi