İnsan Alverinə Qarşı Mübarizə İdarəsi


Azərbaycan Respublikası, 2000-ci il dekabrın 12-də imzalanmış və 2003-cü il mayın 13-də Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının və onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması” haqqında Protokolun, habelə 20 sentyabr 2002-ci ildə qəbul edilən “İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında” Brüssel Bəyannaməsinin müddəaları nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.

Milli Fəaliyyət Planıına əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19.05.2004-cü il tarixli əmri ilə Azərbaycan Respublikası İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxs - Milli Koordinator təyin edilmiş və DİN-də “İnsan Alverinə qarşı Mübarizə idarəsi” yaradılmışdır. Milli Koordinator-daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov təyin edilmişdir.

Dövlət tərəfindən bu sahədə mühüm qanunvericilik aktları qəbul edilmişdir:

·           Azərbaycan Respublikası DİN-nin İnsan Alverinə qarşı Mübarizə İdarəsi yaradılmışdır və onun əsasnaməsi təsdiq edilmişdir (04.06.04);

·           İnsan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir (28.06.05) və AR Prezidenti bu Qanunun tətbiq edilməsi barədə Fərman imzalamışdır (04.08.05);

·           İnsan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi ilə əlaqədar AR-nın bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə AR-nın Qanunu qəbul edilmişdir (30.12.05), AR Prezidenti bu qanunun tətbiq edilməsi barədə Fərman imzalamışdır (23.01.06) və bu Fərman DİN-nin müvafiq əmri ilə elan edilmişdir (28.01.06);

·           Azərbaycan Respublikası Nazirlər Kabineti "İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları"nın təsdiq edilməsi haqqında Qərar qəbul etmişdir (09.11.05) və bu Qərar DİN-nin müvafiq əmri ilə elan edilmişdir (26.11.05)

·           Azərbaycan Respublikası Nazirlər Kabineti "İnsan alveri qurbanlarına kömək fondu haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında Qərar qəbul etmişdir (12.01.06) və bu Qərar DİN-nin müvafiq əmri ilə elan edilmişdir (09.02.06);

·           Azərbaycan Respublikası DİN-nin əmri ilə "İnsan alveri qurbanlarının müvəqqıti yaşaması üçün sığınacaq haqqında Nizamnamə" təsdiq edilmişdir (17.02.06)

·           Azərbaycan Respublikası Nazirlər Kabineti "İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi qaydaları"nın təsdiq edilməsi haqqında Qərar qəbul etmişdir (06.03.06) və bu Qərar DİN-nin müvafiq əmri ilə elan edilmişdir (24.03.06)

2006-cı ilin fevral ayı ərzində Milli Koordinatorun rəhbərliyi altında İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin yenidən komplektləşdirilməsi məqsədilə beynəlxalq standartlara cavab verən test imtahanları keçirilmişdir. İAQMİ-nin ştatı imtahanları müvəffəqiyətlə verən əməkdaşlardan komplektləşdirilmişdir.

İdarə şəxsiyyətin şərəf və ləyaqətini alçaldan insan alverinin qarşısının alınmasını, onunla mübarizəni, insan alveri qurbanlarının müdafiəsini təmin edən, insan və vətəndaş hüquq və azadlıqlarını Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və tərəfdar çıxdığı beynəlxalq müqavilərə uyğun olaraq müvafiq cinayətkar qəsdlərdən qoruyan, bu məqsədlərlə qanunvericiliklə müəyyən edilmə qaydada təhqiqat orqanı funksiyasını və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən ixtisaslaşdırılmış struktur hissədir.

·           İnsan, uşaq alveri, onlarən ölkədən qanunsuz çıxarılması, qanunvericilikdə nəzərdə tutulmayan məcburi əməyi, fahişəliyə cəlb edilməsi, habelə qanunvericiliklə müəyyən olunmuş digər cinayətlərin açılmasının təmin edilməsi;

·           Cinayətkar hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi üzrə tədbirlərin görülməsi;

·           Insan alveri cinayətləri ilə bağlı informasiyanın vahid mərkəzdə cəmlənməsi və qorunması;

·           Insan alveri cinayətlərinin qarşısının alınması və açalması, bu cinayətləri hazırlayan və törədən şəxslərin müəyyən edilməsi, cinayətlərin qurbanlarının və ehtimal olunan qurbanların həyatının, sağlamlığının, huquq və azadlıqlarının müdafiəsi;

·           Qurbanların repatriasiyasına qədər olan dövrlərdə və cəmiyyətə reinteqrasiya zamanı onların təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin görülməsi;

·           Qurbanların və ehtimal olunan qurbanların təhlükəsiz sığınacaqda yerl0əşdirilməsi, onların təhlükəsizliyinin və sığınacağın mühafizəsinin təmin edilməsi;

·           İnsan alveri cinayətinin qurbanları və ehtimal olunan qurbanları ilə əlaqə saxlanılması, onlara peşəkar yardımın göstərilməsi;

·           Təhlükəsiz sığınacaqda qurbanların və ehtimal olunan qurbanların işinə dair ilkin araşdırmaların aparılması(zəruri hallarda hüquqi yardım göstərən şəxsin iştirakı ilə);

·           İnsan alverinin, qanunsuz miqrasiyanın doğurduğu təhlükələr haqqında ictimaiyyəti maarifləndirmək və məlumatlandırmaq məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi;

·           Beynəlxalq Konvensiya və sazişlər əsasında transmilli, regionlararası insan alveri cinayətlərinin qarşısının alınması və sənədləşdirilməsi, informasiya və təcrübə mübadiləsi üzrə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin polis orqanları ilə əməkdaşlığının həyata keçirilməsi;

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cinayətkarlığın bu növü ilə mübarizəni nizamlayan müvafiq maddələr nəzərdə tutulmuş, cinayətin potensial subyektləri hesab edilən uşaq və qadınların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş bir sıra normativ-hüquqi aktlar nəzərdə tutulmuşdur. Belə ki, maddə 106 (Köləlik), maddə 108 (Cinsi zorakılıq), maddə 137 (İnsan orqanlarnın və ya toxumalarının alqı-satqısı), maddə 144-1(İnsan alveri), maddə 144-2 (Məcburi əmək), maddə 151 (seksual hərəkətlərə məcbur etmə), maddə 171 (Yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə), maddə 172 (özgənin uşağını dəyişirmə, maddə 174 (qanunsuz olaraq övladlığa götürmə), maddə 243 (fahişəliyə cəlb etmə), maddə 244 (əxlaqsızlıq yuvaları saxlama), maddə 316-1(İnsan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları yayma) kimi maddələr bu sahədə olan cinayətləri nəzərdə tutur.

2005-ci ildə respublika üzrə insan alveri ilə bağlı 160 cinayət hadisəsi qeydə alınmışdır.  Həmin faktlarla əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 153 nəfər  cinayət məsuliyyətinə cəlb edilmiş, insan alveri cinayətlərinin qurbanı olmuş 58 nəfər    müəyyən edilmişdir.

İnsan alverinə qarşı mübarizə sahəsində görülmüş təşkilati-praktiki tədbirlər nəticəsində 2006-cı ildə respublika üzrə 211 cinayət faktı aşkar edilmiş, 192 cinayət işinin istintaqı aparılmış, bu cinayətləri törətdiklərinə görə 207 şəxs məsuliyyətə cəlb edilmiş, habelə insan alverinin qurbanı olan 86 nəfər müəyyən olunmuşdur.

Qeydə alınmış cinayətlərdən 27-si Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri (144-1-ci), 1-i məcburi əmək (144-2-ci), 58-i fahişəliyə cəlb etmə (243-cü), 114-ü əxlaqsızlıq yuvaları saxlama (244-cü), 7-i yetkinlik yaşına çatmayanın fahişəliyə cəlb etmə (171-ci), 4-ü seksual xarakterli hərəkətlərə məcbur etmə (151-ci)  maddələri üzrə olmuşdur.

2006-cı ildə həyata keçirilmiə əməliyyat-axtarış tədbirləri nəticəsində bu növ cinayətlər törətmiş 4 mütəşəkkil dostu və 23 cinayətkar qrup ifşa edilmişdir.

2007-ci il ərzində respublika üzrə 283 cinayət faktı aşkar edilmiş, 231 cinayət işinin istintaqı aparılmış, bu cinayətləri törətdiklərinə görə  300 şəxs məsuliyyətə cəlb edilmiş, habelə insan alverinin qurbanı olan 101 (84 nəfər maddə 144-1 üzrə) nəfər müəyyən olunmuşdur. Qeydə alınmış cinayət faktlarının 74-ü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri (144-1-ci), 50-si fahişəliyə cəlb etmə (243-cü), 150-si əxlaqsılı yuvaları saxlama (244-cü), 8-i yetkinlik yaşına çatmayanları fahişəliyə cəlb etmə (171-ci), 1-i seksual xarakterli hərəkətləri məcbur etmə (151-ci) maddələri üzrə olmuşdur. İnsan alverinə qurbanlarının Azərbaycandan əsasən Birləşmiş Ərəb Əmirliklərinə, Pakistan və İran İslam respublikalarına, Hindistana və Türkiyə  Respublikasına aparılması müəyyən edilmişdir.

2007-ci ildə həyata keçirilməsi əməliyyat tədbirləri nəticəsində bu növ cinayətlər törətmiş 33 cinayətkar qrup ifşa edilmişdir.

Milli Fəaliyyət Planının icrası ilə əlaqədar respublikada insan alveri cinayətlərinin baş vermə səbəb və şəraitini araşdırmaq, əhalinin bu sahədə maarifləndirilməsini təşkil etmək, yerli icra nümayəndəlikləri və bələdiyyə işçiləri, ərazi polis orqanlarının əməkdaşları arasında maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə "Təmiz Dünya" Qeyri Hökumət Təşkilatı ilə birlikdə respublikanın 54  şəhər və rayonlarında məşğələlər keçirilmişdir. İnsan alverinə qarşı mübarizə sahəsində QHT-lərin, beynəlxalq təşkilatların yardımından və digər resurslardan istifadə olunmuşdur.

Əhalinin bu sahədə maarifləndirilməsi məqsədilə bukletlər hazırlanaraq hava limanında, dəmiryolu vağzallarında, avtovağzallarda, metro stansiyalarında vətəndaşlara paylanmışdır. Maarifləndirmə tədbirlərinin həyata keçirilməsində kütləvi informasiya vasitələrinin imkanlarından istifadə olunmuş, insan alveri ilə bağlı cinayət işinin istintaqının materialları əsasında qısametrajlı film çəkilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Bakı şəhərində insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün Sığınacaq təsis edilmiş və DİN tərəfindən əsaslı təmir və beynəlxalq standartlarına uyğun muasir avadanlıqlarla təchiz edildikdən sonra 12 oktyabr 2006-cı il tarixdə ABŞ səfirliyi, ATƏT və Beynəlxalq Miqrasiya Təşkilatının Bakı Nümayəndəliyinin rəhbərlərinin iştirakı ilə açılmışdır.

2007-ci ilin oktyabr ayının 16-da Milli Koordinatorun AR Milli Məclisində Milli Fəaliyyət Planının icrası ilı əlaqədar hesabat çıxışı dinlənilmiş və görülmüş işlərə yüksük qiymət verilmişdir.

2008-ci ilin 1-ci yarımilində insan alverinə qarşı mübarizə sahəsində DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarının, Milli Fəaliyyət Planının, Nazirlər Kabinetinin qərarlarının, habelə DİN-in əmr və göstərişlərinin, kollegiya qərarlarının, 2008-ci il üçün əsas təşkilati tədbirlər planının icrası üzrə müəyyən işlər görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı»nda nəzərdə tutulmuş tədbirlər 2008-ci ilin yarımilində də də ardıcıllıqla həyata keçirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 1 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri cinayəti qurbanlarının insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumuna təhvil verilməsi Qaydaları” DİN-in 21 fevral 2008-ci il tarxli əmri ilə elan edilmişdir.

Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı»na uyğun olaraq respublikanın bir sıra dövlət qurumlarının nümayəndələrindən ibarət insan alverinə qarşı mübarizə üzrə yaradılmış İşçi Qrupunun üzvləri olan nazirlik, xidmət və komitələr arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində müəyyən işlər görülmüş, məlumat mübadiləsinin aparılması təmin edilmişdir. 2008-ci ilin may ayının 30-da İşçi Qrupunun üzvləri ilə görüş keçirilmiş, insan alverinə qarşı mübarizə üzrə ötən il ərzində bu sahədə görülmüş işlər, o cümlədən Milli Fəaliyyət Planında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin icrası, qurbanların müəyyən edilib xüsusi polis qurumuna istiqamətləndirilməsi, uşaqlar arasında pornoqrafik materialların yayılmasının qarşısının alınması və s. məsələlər müzakirə edilmişdir.

2008-ci ilin fevral ayının 29-da DİN-in inzibati binasında Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2005-ci il tarixli Sərəncamına əsasən, «Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planı» ilə nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılmış, tərkibində mərkəzi icra orqanlarının nümayəndələrinin təmsil olunduğu və Milli Koordinator, Nazir müavini Vilayət Eyvazovun «Miqrasiya, insan alveri, qaçqınlar və məcburi köçkünlər üzrə İşçi qrupu»nun görüşü DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsi ilə birgə təşkil edilmiş, müvafiq sənədlərin hazırlanması təmin olunmuş, qrupa daxil olan qurumlar tərəfindən görülmüş işlər ümumiləşdirilmiş və mövcud problemlərin həlli yolları müzakirə olunmuşdur.

İnsan alveri cinayətləri ilə mübarizə üzrə qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə 2008-ci ilin ötən dövründə İdarə əməkdaşları BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi və digər mötəbər beynəlxalq təşkilatların təşəbbüsü ilə Vyana şəhərində insan alverinə qarşı səylərin, bu istiqamətdə görülən qlobal və regional tədbirlərin əlaqələndirilməsinə, potensial qurbana çevrilmə təhlükələrinin azaldılmasına həsr olunmuş konfransda, habelə «İnsan alveri ilə mübarizə» mövzusunda ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən təşkil edilmiş tədris kursunda iştirak etmişlər.

2008-ci ilin aprel ayının 3-də Azərbaycan Respublikasının Həmkarlar Konfederasiyasının inzibati binasında İdarənin əməkdaşları Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT), ATƏT və Miqrasiya Siyasətinin Formalaşması üzrə Beynəlxalq Mərkəzin (MSFBM) insan alverinin qarşısının alınması üzrə birgə icra etdikləri layihənin Məşvərət Komitəsinin 2-ci görüşündə iştirak etmiş, görüşdə MFP-na dair tövsiyələr nəzərdən keçirilmiş və müzakirə olunmuşdur. 

İdarə əməkdaşları həmin qurumlar tərəfindən 12-13 may 2008-ci il tarixlərdə isə Apellyasiya Məhkəməsinin inzibati binasında hakimlər, dövlət ittihamçıları və digər hüquq-mühafizə orqanları əməkdaşları üçün təşkil edilmiş təlimlərdə iştirak etmiş, beynəlxalq təcrübənin mənimsənilməsi məqsədilə və insan alveri problemləri ilə bağlı müzakirələr aparılmışdır.

Bu məqsədlə ayrı-ayrı vaxtlarda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator və İAQMİ-nin rəhbərliyinin ABŞ Dövlət Departamentinin beynəlxalq insan alverinə dair hesabatlarının hazırlanması şöbəsinin Cənubi Qafqaz üzrə məsul əməkdaşı (Cenifer Donelli), Pakistan İslam Respublikasının Baş Kəşfiyyat Xidmətinin direktor müavini (Məhəmməd Mustafa Xan), BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin regional məsləhətçisi (Xayder Mili), ATƏT-in insan alverinə qarşı xüsusi nümayəndəsi (Yeva Biode) və s. nümayəndələrlə görüşləri keçirilmiş.

2008-ci ilin altı ayı ərzində «İnsan Alverinə Qarşı Mübarizə haqqında» Azərbaycan Respublikası Qanununa əsasən qeyri-hökumət təşkilatları ilə birgə təşkilati xarakterli profilaktik tədbirlərin həyata keçirilməsi, əhali arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsi məqsədilə Təhsil Nazirliyinin və “Təmiz Dünya” qeyri-hökumət təşkilatının aidiyyəti əməkdaşları ilə birgə ayrı-ayrı vaxtlarda Azərbaycan Dövlət Pedaqoci Universitetində, Azərbaycan Müəllimlər İnstitutunda, Bakı Dövlət Sənaye-Pedaqoci Texnikumunda və digər ali təhsil ocaqlarında eləcə də respublikanın 14 şəhər və rayonunda yerli icra hakimiyyəti, bələdiyyələr, orta məktəblər, ərazi polis orqanları və KİV nümayəndələrinin iştirakı ilə insan alveri problemlərinə dair seminarlar keçirilmiş, həmçinin Səhiyyə Nazirliyinin əməkdaşları ilə tibb müəssisələrində də xüsusi məşğələlərin keçirilməsi planlaşdırılmışdır.

Bu sırada,  2008-ci ilin may-iyun aylarında Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əməkdaşları ilə birgə insan alveri və zorakılıqla mübarizədə ictimai-fəal gənclərin gücündən istifadə edilməsi məqsədilə respublikanın bir sıra bölgələrində təşviqat kampaniyaları keçirilmişdir.

2008-ci ilin 1-ci yarımilində 30 yaxın Qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq inkişaf etdirilmiş, aprel ayının 22 və iyun ayının 28-də İnsan Alverinə Qarşı Mübarizə İdarəsində Qeyri-hökumət təşkilatının təmsilçiləri ilə görüşlər keçirilmiş, insan alverinə qarşı mübarizə üzrə ötən il ərzində əməkdaşlıq sahəsində görülmüş işlər, insan alveri qurbanlarının müəyyən edilməsi və s. məsələlər müzakirə edilmişdir.

“MDB-nin iştirakçı-ölkələrinin 2007-2010-cu illərdə insan alverinə qarşı mübarizə üzrə Dövlətlərarası Proqramı çərçivəçində də Mütəşəkkil Cinayətkarlıq və Cinayətlərin Digər Təhlükəli Növləri ilə Mübarizə üzrə Əlaqələndirmə Bürosu ilə müvafiq məlumat mübadiləsi aparılmışdır.   

2007-ci il “Perexvat-1” keçirilmiş və GUAM-ın üzv dövlətlərinin cinayətkarlıq, terrorizm və narkotiklərin qanunsuz yayılmasına qarşı mübarizə üzrə İşçi Qrupunun 2008-ci il üçün təşkilatı-praktik tədbirlər planına uyğun olaraq 12-16 may 2008-ci il tarixlərdə GUAM-a üzv dövlətlərin ərazisində insan alveri və qanunsuz miqrasiyaya qarşı «Perexvat-2» şərti adı altında əməliyyat tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərara əsasən müvafiq əməliyyat tədbirləri planı hazırlanaraq Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi ilə qarşılıqlı əlaqədə tədbirlər həyata keçirilmişdir. Planın icrası ilə bağlı DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi, NBPİ və paytaxtın və respublikanın şəhər, rayon polis orqanları arasında məlumat mübadiləsi aparılmış, insan alverçilərinin və qanunsuz  miqrantların keçdikləri əsas sərhəd-keçid məntəqələri müəyyən olunaraq həmin yerlərdə gücləndirilmiş nəzarət təşkil olunmuş, nəzarət-buraxılış məntəqələri əməliyyat tədbirləri ilə əhatə olunmuş, insan alveri ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar dəstələrin ölkənin ərazisindən istifadə etmələrinin qarşısının alınması üçün onların ehtimal olunan hərəkət marşrutları nəzarətdə saxlanılaraq bu istiqamətdə zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.

«Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 28.12.2006-cı il tarixli 1880 nömrəli Sərəncamının icrası üzrə DİN-in 1/215 nömrəli 03.02.2007-ci il tarixli tədbirlər planının 5-ci bəndinin, Azərbaycan Respublikası Prezidentinin 11.11.2004-cü il tarixli 517 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı»nın yerinə yetirilməsi üzrə DİN-in 1/1791 nömrəli 22.12.2004-cü il tarixli tədbirlər planının 10-cu, Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası”ndan irəli gələn vəzifələrin daxili işlər orqanlarında icrasının təşkilinə dair” DİN-in 303-07 nömrəli əmrinin 7-ci bəndinin, «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı»nın (2007-2011-ci illər) daxili işlər orqanlarında yerinə yetirilməsinə dair tədbirlər planının aidiyyəti tələblərinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı BMT-nin «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktından, «İnsan, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında Protokol»dan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə dair DİN-in KQ-1 nömrəli 27.01.2007-ci il tarixli qərarının 12-ci bəndinin icrası ilə bağlı müvafiq arayışlar, eləcə də  ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən 2008-2009-cu illər ərzində həyata keçirilməsi nəzərdə tutulmuş insan alveri əleyhinə Proqramın layihəsinə dair rəy və təkliflər hazırlanaraq aidiyyəti üzrə göndərilmişdir.

Bu müddət ərzində «Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizənin əsas istiqamətləri» və «İnsan alverindən zərərçəkmiş şəxslərin reinteqrasiyası və reabilitasiyası zamanı rəhbər tutulan yanaşma və prinsiplər» mövzularında məqalələr hazırlanaraq müvafiq olaraq MDB-nin iştirakçı-dövlətlərinin daxili işlər nazirləri Şurasının “Sodrujestvo” jurnalında və DİN-in “Məlumat Bülleteni”ndə dərc edilməsi üçün nazirliyin Beynəlxalq Əməkdaşlıq və Baş Təşkilati-İnspektor idarələrinə təqdim edilmişdir. Bu iştiqamətdə görülən işlərin davamı olaraq “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizənin vəziyyətinə dair Milli Hesabat”ın hazırlanması başa çatmışdır.

ATƏT-in “Milli səviyyədə insan alveri qurbanlarının yenidən istiqamətləndirilməsi mexanizmləri” haqqında metodiki vəsaiti Azərbaycan dilinə tərcümə olunmuş və həmin sənədlər fəaliyyətdə istifadə olunması üçün İşçi Qrupunun üzvlərinə, QHT-lərə, beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərinə və digər qurumlara paylanmışdır.

DİN-in 2008-ci il üçün əsas təşkilati tədbirlər planının 1.6 və 1.32-cı bəndlərinin icrası ilə əlaqədar “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı görülmüş işlər ümumiləşdirilərək nazirliyin rəhbərliyinə məruzə olunmuş, insan alverinə qarşı mübarizədə toplanmış təcrübənin yerlərdə tətbiqi məqsədilə Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan polis orqanlarında əməliyyat xidmətlərinin əməkdaşları üçün seminar müşavirələrin keçirilməsi təmin edilmişdir. 

Bu növ cinayətlərin profilaktikası baxımından mətbuatla qarşılıqlı əlaqələrin yaradılması, kütləvi informasiya vasitələri ilə maarifləndirmə proqramlarının həyata keçirilməsi ön plana çəkilmişdir. Ötən müddət ərzində əldə olunmuş müsbət nailiyyətlər bir sıra mətbuat və digər informasiya vasitələrinin diqqətini çəkmiş, “Azərbaycan”, “Xalq” və “Exo” qəzetlərinə, habelə “Trend” informasiya agentliyinə, “Xəzər” teleradio şirkətinə, “Azadlıq” radiosuna insan alverinə qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı müsahibələr verilmiş, ölkənin bir sıra televiziya kanallarında (İTV, ANS) insan alveri ilə bağlı ayrı-ayrı cinayət hadisələrinə dair videosüjetlər, eləcə də cinayət işlərinin istintaqının materialları əsasında qısametrajlı film çəkilərək nümayiş etdirilmiş, habelə cinayətlərin profilaktikası məqsədilə maarifləndirici vasitələr, bukletlər hazırlanaraq dövlət, qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələrinə təqdim edilmiş, habelə respublika ərazisində paylanılmışdır.

2008-ci ilin altı ayı ərzində İAQMİ-nin əməliyyat-axtarış fəaliyyəti nəticəsində 229 cinayət faktı qeydə alınmış, bu cinayətləri törətdiklərinə görə 223 şəxs məsuliyyətə cəlb edilmiş, habelə insan alverinin qurbanı olan 46 nəfər müəyyən olunmuşdur.

Həmin cinayət faktlarından 44-ü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri (144-1-ci), 1-i məcburi əmək (144-2), 61-i fahişəliyə cəlb etmə (243-cü), 113-ü əxlaqsızlıq yuvaları saxlama (244-cü), 7-i yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmə (171-ci), 3-ü seksual xarakterli hərəkətlərə məcbur etmə (151-ci) maddələri üzrə olmuşdur və 20 cinayətkar qrup aşkar edilərək zərərsizləşdirilmişdir.

İnsan alveri qurbanlarının cinsi istismar məqsədilə xarici ölkələrə, o cümlədən Türkiyə Respublikasına (26), Birləşmiş Ərəb Əmirliklərinə (6), Pakistan İslam Respublikasına (2) və Rusiya Federasiyasına (1) aparılması ilə bağlı AR CM-nin 144-1-ci (insan alveri) maddəsi ilə 35 cinayət işi başlanılmış, 46 insan alverçisi tutularaq məsuliyyətə cəlb edilmişdir. İnsan alveri cinayətlərini törətmiş təqsirləndirilən şəxslər tərəfindən Türkiyəyə 31, BƏƏ-yə 7, Pakistan və Rusiyaya isə müvafiq olaraq 3 insan alverinin qurbanı aparılmışdır.

2008-ci ilin 6 ayında AR İnzibati Xətalar Məcəlləsinin 308-ci (fahişəliklə məşğul olma) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiklərinə İAQMİ-nin əməkdaşları tərəfindən 25 şəxs inzibati məsuliyyətə cəlb edilmişdir.

2008-ci ilin 1-ci yarımili ərzində insan alveri qurbanları üçün təhlükəsiz Sığınacağa öz istəkləri ilə yerləşdirilmiş 38 nəfərə zəruri xidmətlər göstərilmişdir. Ümumilikdə 19 qurbana tibbi, 21-nə psixoloci, 100 faiz hüquqi yardım göstərilmiş, sonunculardan 5-nə cinayət nəticəsində dəymiş mənəvi ziyan ödətdirilmişdir. Qurbanlardan 6-ı işlə (dayə, satıcı, saç ustası və s.) təmin edilmiş, 3 nəfəri isə peşə kurslarına göndərilmiş, qurbanların əksəriyyətinin öz ailəsinə qayıtması təmin edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyun 2006-cı il tarixli 152 nömrəli qərarına əsasən insan alverindən zərər çəkmiş 27 nəfərə reinteqrasiya dövründə şərti maliyyə vahidinin 30 misli məbləğində müavinət ödənilmişdir.    

Milli Fəaliyyət Panına uyğun olaraq, insan alveri cinayətlərinin qarşısının alınması məqsədilə “Qaynar xətt” xidməti (tel: 152 və 562-21-12) üçün ayrılmış mənzil DİN-in İsan Alverinə Qarşı Mübarizə İdarəsinin istifadəsinə verilmişdir. Həmin mənzil DİN tərəfindən əsaslı təmir edilmiş, zəruri rabitə və digər avadanlıqlarla təchiz edilmiş və fəaliyyətə başlamışdır. Sığınacağın vı “Qaynar xətt” xidmətinin əməkdaşları ABŞ səfirliyi, ATƏT və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən təşkil edilmiş təlimlərdə iştirak etmiş qeyri-hökümət təşkilatlarının nümayəndələridir. Pulsuz 24 saat fəaliyyət göstərən “Qaynar xətt” telefon xidmətinə 65 müraciət daxil olmuş, 2 müraciətdə Bakı şəhərində fəaliyyət göstərən 2 istirahət mərkəzində əxlaqsızlıq yuvalarının saxlanılması barədə göstərilmiş məlumatlar öz təsdiqini tapmış və həmin faktlarla bağlı cinayət işləri başlanılmışdır.

Bundan  əlavə “Təmiz Dünya” qeyri-hökümət təşkilatının ofisində 24 saat fəaliyyət göstərən 050-511-11-51 nömrəli telefon "yardım xətti", həmçinin İAQMİ-də 012-590-90-75 nömrəli telefon "növbətçi əlaqə telefonu" açılmışdır və bu barədə ictimaiyyət məlumatlandırılmışdır.

DİN-in internet saytında İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin fəaliyyəti ilə bağlı açılmış səhifədə mütəmadi olaraq müvafiq məlumatlar verilir. E-poçt: thb@mia.gov.az mailto:thb@mia.gov.az

Hazırda bu növ cinayətlərə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının Qanunlarından, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından, Nazirlər Kabinetinin qərar və sərəncamlarından, Azərbaycanın beynəlxalq öhdəliklərindən, Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

 

 

DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi