Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2005-cü il üzrə təhlil


2005-ci ildə daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin təhlili

2005-ci ildə daxili işlər orqanları tərəfindən insanların həyatının, sağlamlığının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin, mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, ölkədə sabitliyin və əmin-amanlığın, hüquq qaydalarının və ictimai təhlükəsizliyin təminində üzərlərinə düşən vəzifələr uğurla yerinə yetirilmiş, əməliyyat şəraiti daim nəzarətdə saxlanılmışdır.

Hesabat dövründə 18049 (ötən illə müqayisədə +1239 və ya 7,4% çox), o cümlədən DİN üzrə 17243 (+1033 və ya 6,4%) cinayət qeydə alınmışdır.Daxili İşlər Nazirliyi üzrə qeydə alınmış cinayətlərin 8014 (46,5%) böyük ictimai təhlükə törətməyən, 7567 (43,9 %)  az ağır, 1439 (8,3%) ağır  və 223 (1,3 %) xüsusilə ağır cinayətlər olmuşdur. Onlardan 6864 (2004-cü illə müqayisədə +611 və ya 9,8% çox) şəxsiyyət əleyhinə,  5602  (+273 və ya 5,1%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 4044 (+76 və ya 1,9 %) iqtisadi sahədə törədilən, 730 isə (+71 və ya 10,8%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir. 2005-ci ildə törədilən hər iki cinayətdən biri  az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət olmuşdur.

Baş vermiş hər 8 cinayət hadisəsindən 1 oğurluq və ya narkotik vasitələrlə bağlı cinayət , hər 13 cinayətdən 1-i isə xuliqanlıq olmuşdur.

Qeydiyyata alınmış cinayətlərin 92,3%, o cümlədən qəsdən adam öldürmələrin 90,1%, banditizm və adamları girov götürmə cinayətlərinin isə hamısının açılması təmin edilmişdir.

Cinayətlərin strukturunda qəsdən adam öldürmə  9 fakt (-4,5 %, 2005-ci ildə 192- 2004-cü ildə 201), quldurluq 6 (-3,5%, 165-171), qəsdən sağlamlığa ağır zərər vurma 2           (-0,9%, 217-219), qəsdən sağlamlığa az ağır zərər vurma 74 (-15,7%, 398-472), xuliqanlıq 112 (-7,6%, 1358-1470), hədə-qorxu ilə tələb etmə  10 (-21,3%, 37-47), dələduzluq 416 (30,9%, 931-1347), qaçaqmalçılıq 14 (-20,0 %, 56-70) cinayət faktı 2004-cü illə müqayisədə azalmışdır. 

Respublikada qeydə alınmış oğurluq 376 (+21,2%, 2151-1775), yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətləri 244 (+19,2 %, 1514-1270), o cümlədən  ölümlə nəticələnən YNH 188 (+34,9%, 726-538), avtonəqliyyat vasitələrinin qaçırılması 29 ( +30,5 % 124-95), soyğunçuluq 20 (+11,4%, 196-176) fakt artmışdır.

Yol nəqliyyat hadisəsi zamanı 938 şəxs ölmüşdür ki, bu da cinayət nəticəsində həlak olmuş şəxslərin 74,9 % təşkil edir.

Qeyd olunan dövrdə insan alveri ilə bağlı 159 (2004-cü illə müqayisədə +44 fakt və ya 38,3% çox) fakt aşkar olunmuşdur.

Odlu silahla törədilən cinayətlər 5,9 % (-5, 80-85), əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlərin sayı isə 3 % (-56, 1838-1894) azalmışdır.

İctimai yerlərdə, o cümlədən küçə və parklarda baş vermiş cinayətlər də müvafiq olaraq 4,3 % (-69,1592-1523) və 8,7 % (-63, 727-664) azalmışdır.

Hesabat dövründə 33,1 kq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya daxil olmasının qarşısı alınmış, onların istehlakı üçün tiryəkxana təşkil edilməsi ilə bağlı 4 fakt müəyyən edilmişdir.

Görülmüş tədbirlər nəticəsində 512 ton 730 kq çəkidə  yaşıl kütlə şəklində narkotik xassəli bitki məhv edilmiş, qanunsuz dövriyyədən 245,4 kq narkotik vasitə götürülmüşdür. Narkotiklərin satışı ilə bağlı 740 fakt aşkar edilmişdir ki, bu da 2004-cü illə müqayisədə 68 fakt (+10,1 %) çoxdur.

Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1704 nəfərdən   1611 əmək qabiliyyətli işləməyən və oxumayan şəxslər, 6 yetkinlik yaşına çatmayan  və 54 qadınlardır.

Keçmiş illərdən bağlı qalmış 338 cinayətin, o cümlədən 68 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.

Əcnəbilər tərəfindən törədilmiş cinayətlər 10,3 % (-48, 418-466), onlara qarşı törədilən cinayətlərin sayı  36,2 % (-47, 83-130) , qrup şəklində törədilmiş cinayətlərin sayı isə  ötən ilin müvafiq  dövrü ilə müqayisədə 5 % (-109, 2090-2199) azalmışdır.

Axtarışda olan təqsirləndirilən şəxslərin 73,3 % və ya 4531 nəfəri (6178-1647) , o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 444 şəxs müəyyən edilərək tutulmuşdur.

İtkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 1382 nəfərdən  983-nün (71,1%) yeri müəyyən edilmişdir.

Müxtəlif cinayətlər törətdiklərinə görə  müəyyən edilmiş 17303 şəxsdən 13410 nəfəri cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 2520 (14,5%) qadınlar, 554 (3,2%) yetkinlik yaşına çatmayanlar, 15043 (86,9%) işləməyən və 1472 (8,5%) isə əvvəllər cinayət törətmişlər olmuşdur.   

Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi