Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2017-ci ilin yekun təhlil


2017-ci ildə cinayətkarlığa qarşı  mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair təhlil

2017-ci il ərzində daxili işlər orqanları tərəfindən digər hüquqmühafizə orqanları ilə birlikdə cinayətkarlıqla mübarizə, ictimai asayışin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla icra olunmuş, vətəndaşların qanuni mənafeləri etibarlı şəkildə qorunmuş, respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına (264) görə cari ildə də MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkə mövqeyi qorunaraq kriminogen durum nəzarətdə saxlanılmışdır.
Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 26113 (2016-cı illə müqayisədə -1,9%) cinayət qeydə alınmışdır. Onların  93,1 %-i və ya 24300-ü daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olmuş, açılması isə 85,8% olmuşdur.  Bu cinayətlərin 86,3 faizini böyük ictimai təhlükə törətməyən (7516) və az ağır (13463), yalnız 13,7%-ni (3321) ağır və  xüsusilə ağır cinayətlər təşkil etmişdir.

Cinayətlərin 19,3%-i (4686) şəxsiyyət əleyhinə, 52,8% (12824) iqtisadi fəaliyyət sahəsində, 25,2% (6116) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 2,8%-i (672) dövlət hakimiyyəti əleyhinə olanlar təşkil etmişdir.
Cinayətlərin strukturunda qəsdən adam öldürmə 9,5% (-17), mənimsəmə və israf etmə 6,8% (-10), dələduzluqlar 11,8% (-514), soyğunçuluq 16,6% (-54), quldurluq 
23,6% (-39), hədə-qorxu ilə tələb etmə 10,5% (-9), xuliqanlıq 15,1% (-147), narkotik vasitələrlə bağlı cinayətlər 15,9% (-516), korrupsiya ilə bağlı cinayətlər 17,4% (-41) azalmış, oğurluqlar 9,8% (+706), o cümlədən mənzillərdən oğurluqlar 7,6% (+190), qaçaqmalçılıq 19% (+8) və ekoloji cinayətlər 28,3% (+36)  artmışdır.
Ağır və xüsusilə ağır cinayətlərin 82,8%, o cümlədən qəsdən adam öldürmələrin 94,9%, hədə-qorxu ilə tələb etmələrin 94,8%, quldurluqların 89,5% açılması təmin edilmiş, habelə keçmiş illərdən bağlı qalmış 418, o cümlədən 97 ağır və xüsusilə ağır cinayət açılmışdır.

Bağlı qalmış 3420 cinayətin 83%-ni (2840) az ağır və böyük ictimai təhlükə törətməyən və yalnız 17% (580) ağır və xüsusilə ağır növlər təşkil etmiş, onlardan da 77,3% (2642) mülkiyyət əleyhinə, 8% (272) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 4,6% (156) şəxsiyyət əleyhinə olan cinayətlərdir.
İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən əməliyyat tədbirləri ilə 295 (-19) cinayət faktı müəyyənləşdirilərək 17 (-5) nəfərdən ibarət 8 (-1) cinayətkar qrup cinayət məsuliyyətinə cəlb olunmuş, bu əməllərin qurbanı 71 (+1) şəxsin  cəmiyyətə reinteqrasiyası təmin edilmişdir. 
İctimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 126 (-39), o cümlədən 49 (+8) fahişəliyə cəlb etmə və 58 (-41) əxlaqsız yuvaları saxlama cinayəti aşkarlanaraq 157 nəfər məsuliyyətə cəlb olunmuşdur.
İctimai yerlərdə baş vermiş cinayətlər 14,5% azalmış, bütövlükdə respublika üzrə açılması təmin edilmiş 249 qəsdən adam öldürmə və ona cəhdin 36,1%-i (90-ı) ailə-məişət münaqişələri zəminində baş vermişdir.
Hesabat ilində mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 3179, o cümlədən 729 ağır və xüsusilə ağır cinayət törətmiş 2698 nəfəri birləşdirən 1028 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir.

Narkotiklərlə əlaqədar 2727 (-15,9%), o cümlədən satış məqsədilə 799 (-1,4%) cinayət aşkar edilərək qeyri-leqal dövriyyədən 944,5 (+10,9) kq narkotik vasitə çıxarılmış, qanunsuz kultivasiya edilən 175 (-26,5t) tondan çox çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilmişdir. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 78 (+8) cinayətkar qrup yaxalanmış, 122,4 (-16,3%) kq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır. Bu növ cinayət törətmiş 2364 nəfərdən 2078 (87,9%-i) işləməyən və oxumayan, 931 (39,4%) əvvəllər cinayət törətmiş şəxslər, 25 (1,1%) qadınlar təşkil etmişdir.
İctimai mənəviyyat əleyhinə (93,6%), şəxsiyyət əleyhinə (73%), mülkiyyət əleyhinə olan cinayətlərə (77%) görə axtarılanların tutulması işində müsbət nəticələr əldə edilmişdir. 

Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 13,2% yaxşılaşaraq istintaqdan və məhkəmədən yayınan 3415 nəfər tutulmuşdur. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 79 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 39 şəxsin yeri müəyyən olunmuşdur.     
Axtarışda olan təqsirləndirilən şəxslərin tutulma göstəricisi bütövlükdə 71,4%, itkin düşənlərin tapılması isə 77,7% təşkil etmişdir.
Hüquqa zidd əməl törətmiş 15522 şəxsdən 12886 nəfər məsuliyyətə cəlb edilmiş, onlardan 10330 (80,2%) işləməyən və oxumayan, 2465 (19,1%) əvvəllər məhkum edilmiş, 649 (5%) qadın, 429 (3,3%) yetkinlik yaşına çatmayanlar olmuşdur. 

                                     Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi